Neft kabusunun astanasında: Hörmüz düyünü dünyanı enerji xaosuna aparır
Yaxın Şərqdə artan geosiyasi gərginlik dünya enerji bazarlarını yenidən sarsıdıb. Xüsusilə Hörmüz boğazı ətrafında yaranan risklər qlobal neft tədarükü ilə bağlı narahatlıqları pik həddə çatdırıb.
Ekspertlər xəbərdarlıq edirlər ki, bölgədə vəziyyət daha da gərginləşərsə, “Brent” markalı neftin qiyməti 130-150 dollar həddinə qədər yüksələ bilər.
Analitiklərin fikrincə, mümkün enerji böhranı yalnız yanacaq qiymətlərinə deyil, dünya iqtisadiyyatına da sarsıdıcı təsir göstərəcək. Artan neft qiymətləri inflyasiyanı sürətləndirə, mərkəzi bankların faiz siyasətini sərtləşdirə və bir çox ölkələrin büdcəsinə əlavə maliyyə yükü yarada bilər.
Enerji idxalından asılı olan ölkələr üçün risklərin daha kritik olduğu vurğulanır. Xüsusilə xarici asılılığı yüksək olan dövlətlərdə neftin bahalaşmasının cari kəsirin böyüməsinə, kredit faizlərinin yüksəlməsinə və maliyyə bazarlarında əlavə təzyiqlərin yaranmasına səbəb olacağı bildirilir.
Yenicag.az-a açıqlamasında siyasi şərhçi Sinan Burhan hesab edir ki, Hörmüz boğazında yaşanacaq mümkün böhran artıq regional məsələ olmaqdan çıxaraq qlobal təhlükəsizlik probleminə çevrilib:

“Bu gün Hörmüzdə baş verən hər bir hadisə yalnız Yaxın Şərqi deyil, Avropanı, Asiyanı və enerji idxalından asılı olan bütün ölkələri birbaşa təsir altına salır. Dünya iqtisadiyyatı son illərin en həssas dövründən keçir.”
Ekspert bildirir ki, hazırda neft qiymətlərinin daha sərt sıçrayış etməsinin qarşısını alan əsas amillər ABŞ-ın artan neft ixracı və Çində zəifləyən enerji tələbatıdır. Lakin bu balansın olduqca kövrək olduğu qeyd olunur.
Vurğulanır ki, Hörmüz boğazında mümkün hərbi və ya logistik böhran uzun müddət davam edərsə, dünya bazarlarında yeni enerji şoku qaçılmaz olacaq.
Amir Aqiloğlu













