“Əgər özəl məktəblər nəzərdə tutulan tədris proqramını həyata keçirə bilmirlərsə, ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar”.
Koronavirus pandemiyası ilə əlaqədar faktiki olaraq, mart ayından etibarən, ölkədə tədris prosesi tamamilə dayandırılıb. Hazırda distant dərslər keçirilsə də, bu təcrübənin gözlənilən effekti vermədiyinə dair iradlar gün-gündən çoxalmaqdadır.
Özəl məktəblər isə şagirdlərdən məbləği heç də az olmayan təhsil haqqını hələ tədris ilinin əvvəlində alsalar da, orada da vəziyyət fərqli deyil. Düzdür, dövlət təhsil müəssisələri kimi, özəl məktəblər də çıxılmaz durumdadılar. Lakin valideynləri özəl məktəblərə ödədikləri təhsil haqqının adekvat qarşılığını tələb edirlər. Belə bir vəziyyətdə valideynlərlə özəl məktəblər arasında münasibətlər hüquqi planda necə tənzimlənməlidir?
Yenicag.az-a açıqlamasında bu msələyə münasibət bildirən hüquqşünas Ellada Bayramova qeyd edib ki, yalnız fövqəladə rejimin tətbiq ediləcəyi halda, valideynlər ödədikləri təhsil haqqını geri tələb edə bilməzlər. Digər hallarda isə ödənmiş məbləğ valideynlərə qaytarılmalıdır:
“Valideynlər öncədən ödəniş etdikləri halda, özəl məktəb üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmirsə, bu zaman təhsil haqqı geri qaytarılmalı və ya distant tədris həmin şagirdlər üçün yüksək səviyyədə təşkil olunmalıdır.
İstənilən səbəblə əlaqədar özəl məktəblər nəzərdə tutulan tədris proqramını həyata keçirə bilmirlərsə, ödənilən təhsil haqqını geri qaytarmağa borcludur. Çünki insan alacağı təhsil üçün ödəniş edir.
Hazırda distant təhsil reallaşdırılsa da, gedişat arzuolunan səviyyədə deyil. Bu baxımdan, mövcud şəraitdə özəl məktəblər şagirdlərə lazımi səviyyədə təhsil verə bilmir”.
Təhsil eksperti Nadir İsrafilov isə mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, öncədən təhsil haqqı ödənişi edən valideynlərin öz iradlarını açıq bildirməmələri bu problemin aktuallaşmasını ləngidir:
“Dövlət və özəl status daşımasından asılı olmayaraq, bütün təhsil müəssisələri müvəqqəti fasilədən yaranan boşluğu kompensasiya etmək və proqram materiallarındakı geriliyi aradan qaldırmaq üçün səfərbər olunub.
Bu istiqamətdə artıq istər dövlət, istərsə də ayrı-ayrı özəl təhsil müəssisələrində müəyyən təcrübə əldə olunub və bu istiqamətdə işlər uğurla davam etdirilir.
Mütəmadi olaraq əlaqə saxladığım bir neçə özəl liseylərdə vəziyyətlə tanışlıq göstərir ki, normal tədris prosesinin həyata keçirilməməsi fonunda təhsil haqqının ödənilməməsi və ya ödənilmiş təhsil haqqına müəyyən güzəştlər edilməsi ilə əlaqədar müəssisə rəhbərləri və ya valideynlər tərəfindən elə də ciddi bir tələb irəli sürülməyib, hansısa narazılıq yaranmayıb.
Valideynlərlə anlaşmaya əsasən, internet üzərindən aparılan dərslərə baxmayaraq, koronavirusla bağlı vəziyyətin sabitləşməsindən dərhal sonra 6 günlük dərs həftəsinə keçid, əlavə məşğələlər və ya vəziyyətlə əlaqədar dərs müddətinin uzadılması hesabına proqram materiallarının tam mənimsənilməsi həyata keçiriləcək”.
Gülşən Şərif
www.yenicag.az