Pullu transferə həsrət futbolçularımız – FİFA menecerindən etiraf
Azərbaycanlı FİFA meneceri Vaqif Heydərli Yeniçağ.az-a müsahibə verib.
– Vaqif bəy, müsahibələrinizin birində bildirmişdiniz ki, Budaq Nəsirovdan başqa daha bir futbolçu da ölkə xaricinə transfer olunacaq.
– O məsələ davam edir. İnşallah, hansısa bir problem çıxmasa, böyük ehtimalla yayda yekunlaşmalıdır. Təbii ki, namizədimiz var.
– Adını açıqlaya bilərsiniz?
– Hələ ki, yox. Bunun bir çox səbəbləri var. İnşallah, bəzi detallar dəqiqləşəndən sonra xəbəri ilk sizə deyəcəm.
– Hazırda Lissabonun “Sportinq” klubunun üzvü olan Budaq Nəsirovla əlaqə saxlayırsızmı?
– Əlbətt. Demək olar ki, onunla hər gün danışırıq. Şükürlər olsun ki, vəziyyəti əladır. Yaxşı ki, Budaq orda adaptasiya prosesini tez keçdi. Baxmayaraq ki, komandaya bir az gec qoşulmuşdu. Amma hamı onun necə sərt xarakterə malik olduğunu bilir. Sevindirici haldır ki, qısa zamanda heyətdə yer ala bildi. Bundan sonra da hədəflərimiz var. İnanıram ki, Budaq onun da öhdəsindən gələ biləcək.
– Transfer edəcəyiniz növbəti futbolçunu seçmək çətin olmadı ki?
– Təbii ki, çox çətindir. Yaxşı oyunçularımız var, amma Avropaya getmək üçün təkcə yaxşı futbolçu olmaq kifayət etmir. Güclü xarakterə sahib olmalısan. Təkcə meydanda yox, meydandan kənarda da diqqət çəkməlisən.
– Maraqlıdır, hər xarici transferdən edərkən nə qədər qonorar alırsınız? Yoxsa bu, sirdir?
– Olsa təbii ki, açıqlayaram. Burada gizli heç nə yoxdur. Hamı bilir ki, bu işlər müəyyən hesabları qarşılamaq üçün görülür, eyni zamand da futbolumuzun inkişafı üçün…
Ancaq bizim futbolumuz və ya futbolçularımız o səviyyədə deyil ki, onlara görə buna hər hansı məbləği ödəyib alsınlar. Əksinə, biz özümüz çalışırıq ki, pul söhbəti etmədən futbolçularımızın transferinə nail olaq. Təbii ki, müəyyən səviyyədən sonra onlar başqa klubların maraq dairəsinə düşəcəklər və müəyyən məbləğ qarşısında transfer olunacaqlar.
Bu dəqiqə isə futbolla maraqlananlar, futbolun içində olanlar bilirlər ki, bu, real deyil.
– Əgər Budaq başqa klubun maraq dairəsinə düşsə, transfer məsələsini yenə siz həyata keçirəcəksiniz?
– Bəli, mən Budağın şəxsi meneceriyəm. Onun hansı kluba getməsindən aslı olmayaraq, futbolçuya aid şəxsi məsələləri birlikdə həll etməliyik. Onunla da bağlı mənə müraciət etməlidirlər.
– Vaqif bəy, yəqin ki, Portuqaliyanın “Boavişta” klubunda çıxış edən qapıçı Kamran Ağayevin “atamdan ötrü darıxdım və evlənmək istədiyim üçün Azərbaycana qayıdacam”, fikrini oxumuşunuz. Sizcə nə vaxtsa Budaq da bu fikrə düşə bilərmi?
– Kamranın bu fikirləri yanlış anlaşılıb. İnanmıram ki, onun kimi bir idmançı atasına görə darıxdığı üçün geri qayıdacağını desin. Ola bilər ki, söhbət əsnasında desin ki, uzun müddət ölkədən kənarda qalmaq darıxdırıcıdır. Bu da təbii prosesdir. Təbii ki, uzun səfərə gedən hər bir şəxsdə ailəsi üçün darıxmaq hissləri olur. Bu da normalıdır. Məncə, müəyyən yaş dövrünə çatmış futbolçunun darıxdığına görə geri dönəcəyi real görünmür. Peşəkar futbolçu dərk etməlidir ki, bu, onun işidir. İrəli getmək, peşəkar futbolçu kimi formalaşmaq istəyirsə, çətinliklərə də qatlaşmalıdır.
Həyat təcrübəm çox olduğu üçün Budaqla bu barədə prafilaktik söhbətlərimiz olub, olur, olacaq da. Mən də çox çalışıram ki, dediyiniz bu tip məsələlər Budağın karyerasına mane olmasın. Bunun üçün də əlimizdən gələni edirik.
– Budaq Nəsirovdan əvvəl və ya sonra ölkə xaricinə transfer etmək istədiyiniz futbolçu olubmu?
– Bu barədə cəhdlərimiz olub. Məsələn, Budağın özünü Türkiyənin “Baxçaşehir” komandasına aparmışdıq. Sənəd məsələlərində problem yarandı. Bundan əlavə, Orxan Əliyevi “Portu” klubuna baxışa aparmışdıq. Sadəcə anlaşılmazlıq oldu. Çünki “Portu” “Sumqayıt”ın güclülər dəstəsində oynayan Orxan Əliyevi U-19 komandasına qatmağı təklif etdi. Bu zaman Orxan razı olmadı. Buna görə də məsələ yarımçıq qaldı. Bir sözlə, cəhdlərimiz olub.
Hər hansı azərbaycanlı gənc futbolçunun xarici kluba transferini reallaşdırmaq kənardan göründüyü qədər də asan deyil. Bu, vaxt, əziyyət tələb edən məsələdir. Biz də çalışırıq ki, bu cür gənclərimizin sayı daha da çox olsun.
Aygün İlqarqızı
Yeniçağ.az