“2018-ci ildən etibarən, Koreya və Yaponiya istehsalı olan avtomobillərin idxal qiymətində artım qeydə alınmayıb”.
“Fitch” beynəlxalq reytinq agentliyinin hesabatına görə, bu il dünya miqyasında avtomobil satışları 4 faiz azalacaq. Bu isə dünya avtomobil bazarında baş verən neqativ proseslərin davam etməsi, xüsusən də avtomobil istehsalında azalma tendensiyasının intensivləşməsi anlamına gəlir.
Haqqında danışılan neqativ tendensiyanın Azərbaycanın avtomobil istehsalçıları – “Azermash” və “NAZ-Lifan”ın istehsal planlarına mümkün təsirini dəyərləndirən “MBA Konsaltinq və Qiymətləndirmə” şirkətinin rəhbəri Nüsrət İbrahimov Yenicag.az-a açıqlamasında vəziyyətin təsəvvür edildiyi qədər problemli olmadığını vurğulayıb.
Onun sözlərinə görə, mövcud tendensiya ölkənin avtomobil istehsalına ciddi təsir etməyəcək:
“Azərbaycanın istehsal müəssisələrinin beynəlxalq avtomobil bazarlarında payı o qədər də çox deyil. Beynəlxalq avtomobil bazarlarında əhəmiyyətli paya malik olan şirkətlərin istehsal etdiyi avtomobillərin ölkəmizə idxalı isə yerli əhalinin artımı ilə düz mütənasibdir.
Nəticədə Azərbaycanda istehsal olunan avtomobillərin payı artmır. İdxal olunan avtomobillərin rüsumları və idxal qiymətləri artmasa, gələcəkdə daxildə istehsal olunan avtomobillərin sayı arta bilər. Lakin bu il o artım hiss olunmur”.
Satışların qlobal azalmasının daxili avtomobil bazarının qiymətlərinə təsirinə toxunan ekspert hesab edir ki, idxal qiymətində artımın baş verəcəyi hələlik gözlənilmir:
“Məhsulun satış qiyməti maya dəyəri ilə müəyyən olunur. Əvvəllər avtomobil idxalında Almaniya istehsalı üstünlük təşkil edirdisə, bu gün avtomobillərin böyük əksəriyyəti Koreya və Yaponiyadan idxal olunur.
Qiymət artımı əsasən Avropa avtomobillərində müşahidə olunur. 2018-ci ildən etibarən, Koreya və Yaponiya istehsalı olan avtomobillərin idxal qiymətində artım qeydə alınmayıb. Əgər belə bir artım olarsa, bu, ölkənin daxili avtomobil bazarına təsir göstərə bilər”.
Gülşən Şərif
www.yenicag.az