“Rusiyanın bu məsələdə mövqeyi Ermənistandan kəskin fərqlənir”

media-hightechnic-468x90

moskvadaVladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni planla çıxış edəcəyi gözlənilir

Azərbaycan prezidenti İlham Əliyev Moskvada mayın 9-da Qələbə Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək. Ermənistan prezidenti Serj Sarkisyanın da həmin tədbirdə iştirakı gözlənilir. Erməni mətbuatı, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirəcəyi haqda məlumat verib. Həmçinin V.Putinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni planla çıxış edəcəyi gözlənilir. “Kaspi” qəzeti mövzu ilə bağlı politoloqların fikrini öyrənib.

Politoloq Elman Nəsirov bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövləti olduğu üçün belə görüşün olacağı gözlənilir: “Lakin həmsədr dövlətlər prezidentlərin ilin sonunda görüşəcəyi ilə bağlı məlumat yaymışdılar. Daha doğrusu, Azərbaycan və Ermənistan prezidentlərinin ən yaxşı halda sentyabr ayında, BMT baş məclisinin toplantısında görüşəcəyi planlaşdırılır. Lakin Moskvada prezidentlər arasında görüş olacağı təqdirdə, bunu Rusiya diplomatiyasının gedişi kimi dəyərləndirmək mümkündür”.

O, qeyd edib ki, 2009-cu ilin dekabr ayında Afinada irəli sürülmüş və yenilənmiş Madrid prinsiplərinə əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr aparılır: “Madrid prinsiplərinə görə, bu münaqişə mərhələli şəkildə həll olunmalıdır. Bundan əlavə hələ ki heç bir təklif olmayıb. Bir çox hallarda yeni təkliflərlə bağlı müxtəlif fikirlər səslənsə də, bu hələ ki öz təsdiqini tapmayıb. Hazırda Ermənistan mətbuatı Rusiya prezidentinin münaqişənin həlli ilə bağlı ermənilərin maraqlarına zidd olacaq təkliflər verəcəyi ilə bağlı məlumatlar yayır. Bu məlumatları erməni mətbuatının qabaqdangəlmişliyi kimi qiymətləndirmək olar. Onlar hadisələrin gələcək inkişafının indidən qarşısını almağa çalışırlar. Ermənilər, həmçinin dövlətlərinə qarşı mümkün təzyiqləri də neytrallaşdırmağa çalışırlar. Lakin Rusiya rəsmiləri yenilənmiş Madrid prinsiplərini dəstəklədiklərini hər zaman bəyan ediblər. Amma Ermənistan dövləti hələ ki bu prinsipləri qəbul etmir. Həmçinin həmsədr dövlətlər də Ermənistanın mövqeyini dəyişdirəcək təsir gücünə malik deyillər. Bütün bunlara baxmayaraq, Rusiya prezidenti yeni təkliflərlə də çıxış edə bilər. Həmçinin Rusiya ilə Ermənistan arasında son dövrlərdə müəyyən narazılıq və anlaşılmazlıq mövcuddur. S.Sarkisyan hətta bir az irəli gedərək, Rusiyanı Azərbaycana silah satmaqda ittiham edib və bunu pisləyib. Rusiyanın isə bu məsələdə mövqeyi Ermənistandan kəskin fərqlənir”.

Politoloqun sözlərinə görə, aprelin 24-də Türkiyədə və Ermənistanda keçirilən tədbirlər Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir təsir göstərməyəcək: “Çünki Ermənistan prezidenti və katalikosu yenidən Türkiyənin əleyhinə çıxış ediblər. Onlar Türkiyənin “soyqırımı” qəbul etməsini, həmçinin ermənilərə təzminat verməsini də istəyirlər. Ermənilər qardaş ölkəyə qarşı ərazi iddiaları ilə də çıxış edirlər. O cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həllində onların mövqeyində hər hansı bir müsbət dəyişikliyin olduğu görünmür. Həmçinin Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ ətrafında olan 7 rayonun geri qaytarılması ilə bağlı hər hansı bir addım atacağı da gözlənilmir. Yəni onlar hələ də qeyri-konstruktiv mövqelərini müdafiə edirlər. Bütün bunları nəzərə alaraq, belə bir nəticəyə gəlmək olar ki, Ermənistan rəhbərliyi müsbət dəyişiklik və münaqişənin sülh yolu ilə həlli istiqamətində yeni addımlar atmayacaq”.

Millət vəkili və politoloq Rasim Musabəyov hesab edir ki, Ermənistan və Azərbaycan prezidentlərinin 9 may tədbirləri çərçivəsində görüşəcəyi ilə bağlı ehtimallar mövcuddur: “Lakin onların görüşü barəsində hələ ki rəsmi məlumat yoxdur”. R.Musabəyov, həmçinin Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təkliflər irəli sürəcəyini istisna etmədiyini də qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600