!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sandığında "bomba" gizlədən MƏŞHUR: “Bunu üzə çıxartsam, o məmur məni yox etdirər” - VİDEO+FOTOLAR

!Reklam – Yazi

“Büyükfırat” restoranlar şəbəkəsinin dəstəyi ilə hazırlanan və Xaqani Ticarət Mərkəzində yerləşən adıçəkilən restoranda baş tutan “2:1” layihəsində bu dəfə söhbətə çəkdiyimiz qonaq xalq artisti Mələkxanım Əyyubova, Nazpəri Dostəliyeva, Faiq Ağayev, Aygün Kazımova, Nüşabə Ələsgərli, Röya Ayxan, Abbas Bağırov, Rəhim Rəhimlinin ifasında səslənən bir çox hitlərin söz müəllifi, şairə və gözəl xanım Könül Nazimqızıdır.

Layihənin digər qonaqlarından fərqli olaraq, Nazimqızı “Siyasi suallara cavab verməyəcəm” deyib, qabaqcadan bizimlə şərt kəsmədi. Adətən, siyasi sualları ilə qonaqları çıxılmaz vəziyyətə qoyan həmkarım Arazla bu dəfə özümüz şairə xanımın siyasi performansı qarşısında təəccübləndik.

C. Səlimqızı:

– Yağışla aran necədir? Görəndə ki, yağış yağır, fikirləşdim, müsahibəni təxirə salacaqsan…

– Həmişə biz görüşəndə yağış yağır. Adətən, yazı və payızı sevirəm, yağış, külək, sazaq olanda ruhum sevinir. Belə havalarda əhvalım daha yüksək olur.

– Şeirlər doğuldumu?

– Doğuldu. Bəzən hətta aylarla heç nə yaza bilmirəm, həvəsim olmur. Bir var ruhani, bir də var cismani şeirlər. Yağış yağanda ruhani şeirlərim doğulur.

– Niyə, Azərbaycanda mahnılardan şairlər yox, yalnız bəstəkarlar pul qazanır?

– Hətta bəstəkar şairdən “şeirinə mahnı bəstələmişəm”- deyə, pul da umur. Belə götürəndə nəyimə lazımdır ki, şeirimə mahnı bəstələndi, ya yox. Son vaxtlar hər şey dəyişib e… Qaymaqla şorun yeri səhv düşüb.

– “Allahı sevirsən ayrılma məndən”… Faiq Ağayevin repertuarından olan bu mahnını çox bəyənirəm. Bu mahnının sözləri konkret əhval-ruhiyyənizin məhsuludur deyəsən?

– Sən bilirsən ki, mən ruh adamıyam. Bəzən müğənnilər oxuyanda deyir ki, mən bu mahnıya ürək qoymuşam, hansı ki, baxırsan heç orda ürəkdən əsər-əlamət də yoxdur. Mənim şeirlərimdə həqiqətən ürək var. Elə adımın mənası da ürəkdir.

– Kim qoyub adını?

– Dayım əsgərlikdə olanda doğulmuşam, deyib adını Könül qoyun. Arzuolunmaz uşaq idim. Atam həmişə mənə «quzu bala» deyib, dizinin üstündə otuzdurardı.

Qohumlar deyirdi ki, ay balam, bu qız böyüyüb qoç olmadı? Çox ərköyün böyüdüblər məni. Amma eqoist, təkəbbürlü olmadım.

– Niyə arzuolunmaz uşaq idin ki?

– Anam çox gənc ikən -15 yaşında ailə qurub, dalbadal övladları doğulub. Nənəm istəməyib doğulum, anamı dindirməyib ki, bunu niyə saxladın ki, səni öldürəcək. Çünki anımın səhhəti çox zəif imiş. Amma illər keçəndən sonra anam dedi ki, mən səni özümə hədiyyə gətirmişəmmiş. Deyilənə görə, arzuolunmayan uşaqların həmişə qeyri-adi istedadları olur.

– Fikirləşirəm ki, səndən yaxşı millət vəkili olardı…

– Məmur olaram, amma deputat yox. Bir bölgənin deputatısansa, bütün sakinlərin ağırlığı sənin çiynindədir. Əgər sən onlara kömək edə bilmirsənsə, neynirəm o deputat mandatını?

A. Zeynalov:

– Hesab edirsiniz ki, seçilə bilərsiniz, sadəcə olaraq öhdəsindən gələ bilməzsiniz?

– Mən bilirəm seçilərəm. Vətənim üçün canımı verməyə hazır biriyəm.

– Azərbaycanda ən çox narazı qaldığınız sahə hansıdır?

– Səhiyyə və təhsil sahəsi.

– Fürsət verilsəydi, hansı nazir kürsüsünü seçərdiniz?

– Məmnuniyyətlə Rabitə Naziri olardım. Telekanallarda tərbiyəvi mövzular yox dərəcəsindədir. Bir ölkənin təhsili, səhiyyəsi inkişaf etməyibsə, necə qabağa gedə bilərik? İdmanımız çox öndədir, bəli. Amma yalnız idmanla iş bitmir axı. Mənim bütün gözəl mütəxəssislərim ölkədən gedib, beyin axını o həddədir ki, həyəcan təbili çalmağın vaxtıdır. Bu, vətəndaş kimi məni çox incidir.

– Prosesi dayandırmaq üçün nə təklif edərdiz?

– Təklif edərdim ki, Mili Məclisin 125 deputatının heç olmasa yarısı hüquqşünas, ya da savadlı mütəxəssislər olsun. Bir sual da mən sizə verim, deputatınız kimdir və hansı çıxışı yadınızda qalıb?

– Binəqədi rayonunda yaşayıram. O sualı sizə də verim, deputatınız kimdir və hansı çıxışı yadınızda qalıb?

– Ülvi Quliyevdir. Həm idmançıdır, həm də həkim. Elə bir çıxışı yadımda qalmayıb ki, indi sizə xatırladım. Amma seçkilər zamanı çıxışını dinləmişəm, üzünə baxanda bilirsən ki, bu insan vətənini sevən adamdır. İçində vətənpərvərlik duyğusu olmayan istənilən məmur, deputat xalq üçün heç nə edə bilməz.

– Sizə gizli müxalifətçi demək olar?

– Əsla, müxalifətçi deyiləm. Prezidentimi də sevirəm, onun xanımını da. Bəzi məmurları sevmirəm. Sən məni deyəsən təxribata çəkmək istəyirsən, qardaş (gülür).

– Əstəğfurullah. Mənə çox maraqlı gəldi, çünki hər yaradıcı adam fikirlərini belə açıq şəkildə ifadə etmir,

C.Səlimqızı:

– Könül, Araz səni təhrik eləyir, şirin dilinə aldanma…

– Sən mənəmi qarmaq atırsan bala,

Yaxama ilişən neçə qıra var.
Lap belə gül kimi siyasət ola,
Onda da bir hiylə, bir iftira var.

C.Səlimqızı:

– Araz, səni də susduran tapıldı, indi cavabını ver.

A.Zeynalov:

– Yox, əslində biz bura susdurmaq üçün gəlməmişik. Könül xanım, romantik çərçivədən çıxıb, heç sosial yüklü şeirlər yazırsınız?

– Çox yazmışam. Sandığımda “bombalarım” var ki, üzə çıxartsam həmin məmur məni yox eləyər. İndi onların adlarını çəkməyəcəm. Nə vaxtsa həyatda olmasalar onlara yazdığım şeirləri ortaya çıxaracam.

C.Səlimqızı:

– Xanım siyasətçilərdən xüsusi rəğbət bəslədiklərin varmı?

– Tansu Çilləri çox sevmişəm: həm xanım, həm də siyasi lider kimi. 1995-ci ildə Türkiyənin yükdaşıma gəmisi Yunanıstanda qayalara çırpılır. Həmin gəmiyə başqa bayraq taxılır. Tansu Çillər deyir ki, ya türk bayrağı asılmalıdır, ya da bayraqsız olmalıdır. Bill Klinton onunla hesablaşır. Bu bir lider qadının uğuru demək deyilmi? Onun çıxışlarını internetdən izləmişəm. İstərdim ki, onun kimi siyasətçi olum. Bəlkə də nə vaxtsa olacam. Amma etiraf edim ki, siyasətə can atmıram.

– Xarici görünüşünə görə bəyəndiyin siyasətçilərdən kimlərin adını çəkərdin?

– Putini xoşlamıram, öz prezidentimizi sevirəm. Birinci xanımlardan isə Mehriban xanıma böyük dəyər verirəm. Həm gözəl, kübar, zövqlü xanımdır, həm savadlı, həm də səmimidir.
Hər liderin bir özünəməxsusluğu olub. Elçibəyin bir sözü var, çox xoşlayıram o kəlamı:”Güney Azərbaycanda Azərbaycan bayraqları sandıqlardadır”.

Məmmədəmin Rəsulzadənin davamçısı olan bu insanı necə sevməmək olar? Yaxud Ulu öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlməsini eşidəndə qürur hissi keçirirəm. Məsələn, “DAVOS” Forumunda Ərdoğanın İsrailin prezidentini yerində otuzdurması mənə ləzzət eləmişdi.

A. Zeynalov:

– Məmməd Əmin Rəsulzadəyə olan hücumlardan xəbəriniz oldu?

– Mən bu fikirləri qəbul etmirəm, biabırçılıqdır. Bu, bizim kimliyimizi itirməyimiz deməkdir. Məmməd Əmin Rəsulzadə dahi olub, onu necə danmaq olar? Bəlkə də bundan sonra ondan bir də doğulmayacaq.

A. Zeynalov:

– Axırıncı dəfə hansı kitabı oxumusunuz?

– Deməyəcəm, desəm, məni müxalifətçi edəcəksən.

C. Səlimqızı:

– Doğrudan, səni hansı mövzuda olan əsərlər cəlb edir?

– İndi daha çox poeziya oxuyuram. Klassiklərimizi təkrarlayıram. Musa Yaqubu çox sevirəm. Onda fəlsəfə də var, duyğu da. Əvvəllər bir gecəyə bir roman oxuyurdum.

C. Səlimqızı:

– Belə bir kapriziniz yoxdurmu ki, bu geyimdən məndə varsa, heç kimdə olmamalıdır…

– Bu, eqodur. Eksklüzivliyi sevirəm. Bir köynəyi sevib, bir ay geyinə bilərəm. Mən geyindiyim paltarı başqasının əynində görsəm onu ikinci dəfə geiynmərəm. Kumirim Mehriban xanımdır, mən onun geyiminə vurğunam.

– Qarderobda hansı rəngdə libaslarınız daha çoxdur?

– Tünd bənövşəyi rəngi sevmirəm. Çəhrayı, yaşıl, mavi rəngi sevirəm, əhvalımı yüksəldir. Şair heç vaxt çəhrayı geyinib, yaza bilməz. Bilirsiz, niyə yağışda coşuram? Buludlar toplanır və başlayır ağlamağa. İnsan da elədir. Ola bilər ki, hönkürüb ağlamaq istəyirəm, onda şeir yazıb sakitləşirəm. Onu da deyim ki, mənim üçün ağ, ya da qara var, orta hədd yoxdur. Adam var e fırladır, incidir, süründürür. Məndə ya “hə”, ya da “yox”.

– Heyvanlara münasibətin necədir, bir çox məşhurlar heyvan saxlayır?

– Delfini çox sevirəm. Əvvəl balıq saxlayırdım, amma mən ağlayan kimi ölürdülər. 1999-cu ildən 2006-cı ilə qədər balıqlarım vardı, sonradan ölümlərinə dözmədim deyə daha balıq saxlamadım.

– Deyirlər, heyvan saxlamağın düşər-düşməzi olur…

– Anam deyirdi, bizim evə göyərçin saxlamaq düşmür. Bayquşu çox sevirəm. Bir dəfə bayquş balası gördüm, çox balaca idi, elə gözəl gözləri vardı ki… Əslində o bəy quşudur, quşların şahıdır. Sadəcə olaraq, sakitçiliyi xoşladığı üçün xarabalığı seçir.

– Bir çox xalq artistlərinin atı da var, nə əcəb sən özün üçün at almırsan?

– At yox, istərdim ağ atlım olsun.

– Bəlkə onu təsvir edəsən?

– Ruhu, insanlığı olmalıdır. Mən dağdan danışanda o arandan danışmasın.

– Bəs pulu?

– Pulsuz yaşaya bilmərəm. Pul həmişə lazımdır. Amma pul mənim üçün məqsəd yox, vasitə olub.

Cəvahir Səlimqızı
Araz Zeynalov

Foto:Cəmalə Əlizadə

Yenicag.az

COP29

www.yenicag.az

2302
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv