“Türkiyə bu müstəvidə zəif siyasət yürüdür”
Boliviyanın qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsini qəbul etməsi Türkiyə kimi Azərbaycanda da ciddi narahatlıqla müşahidə edilməkdədir. Bəzi siyasilər hesab edir ki, son bir neçə ildə bir neçə dövlətin qondarma erməni soyqırımını tanıması Türkiyənin bu məsələdə ermənilərə uduzduğunu göstərir.
Maraqlıdır, doğrudanmı Türkiyə bu müstəvidə erməni diplomatiyası və erməni diasporu ilə başa çıxa bilmir? Ümumiyyətlə, Türkiyənin qondarma soyqırım iddialarına qarşı apardığı mübarizəsini qənaətbəxş hesab etmək olarmı?
Bununla bağlı açıqlama verən politoloq Zərdüşt Əlizadə Boliviyanın ciddi dövlət olmadığını qeyd etməklə yanaşı, Türkiyənin qondarma soyqırım iddiaları ilə bağlı mübarizəsinin də arzuedilən səviyyədə olmadığını vurğuladı:
“Boliviya dövlətinin mahiyyəti nədən ibarətdir? Heç nədən. Bu, heç bir gücü, sanbalı olmayan bir dövlətdir. Lakin bu da bir həqiqətdir ki, bu məsələdə Türkiyənin elmi müəssisələri, dövlət qurumları, mediası zəif işləyir. Azərbaycan isə bu kimi məsələlərdə Türkiyədən də zəifdir. Halbuki, bu məsələlər daha ciddi, davamlı, ardıcıl və əzmkar mübarizə tələb edir”(moderator.az).