Hazırda həbsdə olan tanınmış şəxslərdən bir neçəsi əfv ərizəsi ilə prezident İlham Əliyevə müraciət edib.
Bunu AzNews.az-a açıqlamasında hüquq müdafiəçisi Səidə Qocamanlı deyib.
S.Qocamanlı həmin şəxslərin adlarını açıqlamağın düzgün olmadığını bildirib. Hüquq müdafiəçisi vurğulayıb ki, İnsan hüquq məsələləri üzrə Birgə İşçi Qrup tərəfindən həbsdə olan şəxslərlə bağlı 22 nəfərlik siyahı Əfv komissiyasına təqdim olunub: “Siyahıda bir çox tanınmış şəxslərin adı var. Onların içərisində xəstə olan, əfv ərizəsi yazan, cəzasının böyük hissəsini çəkən şəxslər var. Hazır olan siyahı artıq prezident yanında Əfv Komissiyasına təqdim edilib. Onlar da həmin siyahını prezidentə də təqdim edəcəklər. Biz siyahıda adları olan şəxslərin azad olunmalarını istəyirik. Amma əfv fərmanı preizdentin səlahiyyətindədir”.
Xatırladaq ki, siyahıda olan şəxslər arasında hazırda həbsdə olan İntiqam Əliyev, Pərviz Həşimli, İlqar Məmmədov, Anar Məmmədli, Tofiq Yaqublu, Rəsul Cəfərov, Yadigar Sadıqlı və başqalarının adları var.
www.yenicag.az