Vətən savaşı Azərbaycanın həm diplomatiyada, həm də hərb cəbhəsində tam qələbəsi ilə başa çatdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsi, Ordumuzun qüdrəti, xalqımızın milli birliyi sayəsində Ermənistanın dizini yerə gətirən tarixi qələbə qazandıq.
Bu qələbəmiz sayəsində minlərlə həmvətənlərimiz öz ata-baba torpaqlarına qayıdacaq. Obrazlı şəkildə ifadə etsək, artıq Vətənə işğal olunmamış yerlərdən binoklla baxaraq həsrət yaşamayıb, yurdumuza ayaq basma imkanımız olacaq.
Bu savaşın nəticələrindən narazı olan şəxslər isə əsasən tarixi Azərbaycanla bugünkü Azərbaycanın fərqini unudub, real faktları nəzərdən keçirməyənlərdir.
Yenicag.az Musavat.com-a istinadən geri qaytardıqlarımız əraziləri faktlarla təqdim edir:
–Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti 5 rayondan ibarət olub. Ərazisi 4400 kv/kmdir. Xəritədən də göründüyü kimi həmin anklava daxil olan Hadrut rayonu (ərazisi 1877 kv/km) tam olaraq Azərbaycan Ordusunun nəzarətindədir.
– Keçmiş Əskəran, Şuşa, Mardakert və Martuni rayonlarının da ərazilərinin bir hissəsinə Silahlı Qüvvələrimiz tərəfindən nəzarət edilir.
Xəritəyə baxdıqda bu ərazilərin ən azı 500 kv/km olduğunu aydın görmək olur. Toplam olaraq, ümumi ərazi 2377 kv/km edir.
Qalan ərazilərdə (4400-2377=2023 kv/km) isə hazırda ermənilər yaşayır.
Anlaşmanın şərtlərinə görə, həmin 2023 kv/km əraziyə tarixən yaşayan azərbaycanlılar BMT missiyası altında yerləşdirilir. O cümlədən, Xocalı, Ağdərənin 14 kəndi, Xankəndi, Xocavənd və s.
-azərbaycanlılar yaşayan ərazilər tam olaraq bizim yurisdiksiyamızda olur. Onların təhlükəsizliyini isə bizim hüquq mühafizə orqanlarımız rus sülhməramlıları ilə birgə təmin etməlidir.
-Bundan başqa mövcud şərtlərə əsasən, ermənilər yaşayan ərazilərdə erməni silahlı birləşmələri ola bilməz. Bizim nəzarətimizdə olan bütün ərazilərdə isə Silahlı Qüvvələrimizin hərbi bazaları olacaq. İşğaldan azad edilmiş istənilən ərazidə (o cümlədən, Şuşa, Hadrut və s.) bizim Türkiyə ilə birgə hərbi bazalar yaratmağımız daxili işimizdir.
– Putin və Ərdoğan arasında aparılmış danışıqlarda Azərbaycan ərazisində birgə sülhməramlı bazanın yaradılması razılaşdırılıb. Bu barədə bu gün rus mənbələri xəbər veriblər.
Aşağıdakı məqamlara da diqqət edək:
– Hazırkı şəraitdə bizim ermənilərlə qarşılıqlı etimad şəraitində birgə yaşamağımız mümkün deyil. Bunun zamana ehtiyacı var və bu missiya hazırda rus sülhməramlılarının üzərinə düşür.
– Hazırkı şərtlər daxilində yəni, təxminən 2000 kvadrat kilometr ərazidə ermənilərin azərbaycanlılarla birgə yaşaması, gələcəkdə bu ərazidə hər hansı separat rejimin formalaşdırılmasını, bu torpaqların nəzarətimizdən çıxmasını mümkünsüz edir.
– Bu tarixi qələbəyə ən çox üzülən və bu ağır şərtlərin dəyişməsinə çalışan erməni cəmiyyətidir. Lakin proseslərin təhlili göstərir ki, onların başqa çıxış yolu qalmayacaq.