“Real”ın yarımmüdafiəçisi Qaret Beyl bu yay komandadan ayrılacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “kral klubu”nun baş məşqçisi Zinəddin Zidan Beynəlxalq Çempionlar Kubokunun “Bavariya” ilə oyunundan (1:3) sonra jurnalistlərə açıqlamasında məlumat verib. Uelsli futbolçunun Münhen klubuna qarşı oynamamasının səbəbi haqda danışan fransız mütəxəssis bunun 28 yaşlı oyunçunun mümkün gedişi ilə bağlı olduğunu bildirib:
“Beyl oynamadı, çünki komandadan ayrılmağa çox yaxındır. Ümid edirik ki, o, tezliklə gedəcək. Bu, hər iki tərəf üçün də ən yaxşı qərar olacaq. Biz onun başqa komandaya transferi üzərində işləyirik. Mənim onunla şəxsi heç bir problemim yoxdur. Amma artıq lazım olanı etməyin vaxtı çatıb. Qərar verməli, dəyişiklik etməliyəm. Onun gedişi baş məşqçinin qərarıdır. Eyni zamanda, futbolçu özü də komandadakı vəziyyətini başa düşür. Deyə bilmərəm, bu, bir və ya iki sutka çəkəcək, ancaq tezliklə hər şey həllini tapacaq. Bu isə hər iki tərəf üçün yaxşı haldır”.
Qeyd edək ki, “Real”ın Beylə görə 80 milyon avro təzminat istədiyi bildirilir. Futbolçunun sabiq klubu “Tottenhem”ə keçəcəyi gözlənilir./qol.az/
www.yenicag.az