Həzrəti Hüseyn üçün ağlamaqdan savayı nə edirik?
Həzrəti Hüseyn (ə) üçün ağlamaqdan savayı nə edirik? Sadəcə ağlamaq, sadəcə gözyaşı… Əlbəttə ki, Hüseynə gözlər də, qəlblər də ağlar. Ancaq vacib olan ağlamaq deyil, Hüseynin yolu ilə getmək, Onun fəlsəfəsini dərk etmək…
Nə üçün şəhidliyə getdiyini anlamaqdır vacib olan. Həzrəti Hüseynin şəhadəti babası Həzrəti Məhəmmədin (s), atası Həzrəti Əlinin (ə) və anası anamız Həzrəti Fatimənin (ə) təbliğinin əyani sübutu idi. Zülmə, ədalətsizliyə tabe olmağın, haqsızlığa susmağın da zülm olduğunu, zalımın cəhənnəm atəşində yanacağını göstərdi Həzrəti Hüseyn (ə). İndi biz Həzrəti Hüseynə ağlayırıq. Unutmayaq ki, Həzrəti Hüseynə ən çox ağlayan Onu dəvət edib, sonra Həzrəti İsanın iudaları kimi Peyğəmbər nəvəsini satan kufəlilər idi.
Həzrəti Hüseynin yolundan getmədikdən, dünyanın dörd bir yanında müsəlmanlara qarşı aparılan siyasətə heç olmasa dillə də olsa etirazınızı bildirmədikdən, dini-İslama qarşı çıxanların önündə susduqdan, Fələstində öldürülən onca cocuq üçün İsrailin xətrinə dəyməmək üçün səsini çıxarmadıqdan sonra sizin kufəlilərdən nə fərqiniz qaldı? Müsəlman qardaşın Çində zülm görürsə və sən susursansa kufəlilərdən nə fərqin qaldı? Dünyanın hər hansı yerində bir müsəlmanın burnu qanayırsa və sənin ürəyin sızlamırsansa, sənin kufəlilərdən nə fərqin qaldı? Həzrəti Peyğəmbərimiz (s) nə buyurmuşdu: “Bir haqsızlıq gördüyünüz halda onu əlinizlə dəyişdirin, ona gücünüz yetməsə dilinizlə etiraz edin. Bunu da bacarmırsınızsa, ürəyinizdə buna qarşı olun və unutmayın ki, üçüncü imanın ən zəif mərtəbəsidir”. Həzrəti Hüseyn birincini seçdi və şəhid oldu. Siz heç olmazsa, dilinizlə buna qarşı çıxın və kufəlilərdən olmayın.
www.yenicag.az