ABŞ-Azərbaycan münasibətlərində “Nurland” dönəmi
Elxan Şahinoğlu: “Artıq ABŞ-la Azərbaycan arasında istiləşmə dövrü yenidən başlayır”
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bildiyimiz kimi bölgəyə səfəri çərçivəsində Bakıda bir sıra görüşlər keçirdi. Prezident İlham Əliyevlə Viktoriya Nulandın görüşündə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafından razılıq ifadə olunub. Habelə Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib. Qeyd edək ki, son zamanlar ABŞ-la Azərbaycan arasında münasibətlərdə müəyyən soyuqluq yaranmışdı.
Bu aspektdən yanaşdıqda görəsən, ABŞ-la Azərbaycan arasında mövcud olan soyuqluğun aradan qaldırılacağını gözləmək olarmı?
Politoloq Elxan Şahinoğlu: “ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Bakıya səfərini çox müsbət və önəmli hesab edirəm. Nuland ölkəmizdə olarkən vacib mesajlar verdi. O bildirdi ki, Amerika Azərbaycanda rəngli inqilablar həyata keçirmək istəmir. Belə ehtimallar var idi ki, Gürcüstan və Ukraynada dəyilikliklər edən Vaşinqton belə bir dəyişikliyi Azərbaycanda da həyata keçirmək istəyir. Amma Maydan hadisələri bu dəyişikliklərin necə dağıdıcı olduğunu göstərdi. O zaman da inanmırdım ki, ABŞ-ın Azərbaycanda hakimiyyət dəyişikliyi sahəsində planı var. Nulandın bu açıqlaması Azərbaycan hakimiyyətini sakitləşdirdi. Digər açıqlamasında Nuland enerji əməkdaşlığının yüksək səviyyədə olduğuna da işarə edib. Bu da önəmlidir. Çünki, Azərbaycan prezidenti əslində təşəbbüsü ələ alıb. TAP və TANAP layihələri reallaşır və Avropaya qaz gedəcək. Bu Rusiyaya yeganə alternativ olan “Cənub Qaz Dəhlizi”dir. Bu ABŞ-ın maraqlarına cavab verir. Ona görə də Vaşinqton Azərbaycan prezidentinin bu siyasətini iki əllə dəstəkləyir. Vaşinqton həmçinin Qarabağda saxlanılan iki azərbaycanlının buraxılmasını da istəyir. Bu da çox önəmlidir. Bu günlərdə İranın xarici işlər naziri də Bakıda idi. Mətbuat konfransında İran diplomatı həmin girovlarımız barədə susdu. Amma ABŞ Dövlət Departamentinin rəsmisi bildirdi ki, Vaşinqton həmin iki nəfərin azad olunmasını istəyir. Vaşinqton həmin iki soydaşımızın azadlığa çıxmasına nail olarsa, düşünürəm ki, bu iki ölkə arasında münasibətlərə yeni nəfəs verəcək, yeni yol açacaq. Fikrimcə, artıq ABŞ-la Azərbaycan arasında istiləşmə dövrü yenidən başlayır. Azərbaycan hakimiyyəti balanslaşdırılmış xarici siyasət elan edibsə, ABŞ-la münasibətlərin inkişafı da məhz bu konsepsiyaya uyğundur”.
Elçin
Tofiq Abbasov: “Bakı öz prinsipial mövqeyindən dönməyəcək”
Politoloq Tofiq Abbasov isə hesab edir ki, Viktoriya Nulandın Cənubi Qafqaz regionuna səfəri dünya geosiyasətində ağır durum olduğu zaman baş tutub. Amerika diplomatiya postsovet məkanında öz mövqelərini gücləndirmək üçün artıq səlist diplomatiya gedişlərinə üstünlük verməli olur. “Rusiya ilə qarşıdurma telləri gücləndiyi zaman Vaşinqton dialoq tonunu bir qədər yumşaltmalı olur və Viktoriya Nulandın Azərbaycanda səsləndirdiyi fikir və mesajlar bunu təsdiq etdi.ABŞ diplomatik müstəvidə açıq təzyiq strategiyasının tərsmütənasib nəticələr verdiyindən artıq özü də ehtiyatlanır. Azərbaycan Amerika üçün vacib tərəfdaş olduğundan münasibətlərin yenidən formatlaşdırılmasına bir növ start verilir və bu kimi dəyişikliyə məhz Vaşinqtondan sanksiya verilir”. “Beləliklə nəticəyə gəlmək olar ki, Birləşmiş Ştatlar tətbiq etdikləri “demokratiya hücumunun” ikibaşlı olmasının şahidi olub sınanmış tərəfdaşlarla yenidən bərabərhüquqlu münasibətlərə üstünlük verməli olurlar.Azərbaycanla əlaqəli isə Vaşinqton rəsmiləri artıq anlayırlar ki, Qarabağ problemi çərçivəsində rəsmi Bakı öz prinsipial mövqeyindən dönməyəcək. Məhz bu səbəbdən də Amerika nümayəndəsi Bakıda bildirdi ki, Azərbaycanın maraqlırına okeanın o tayından etinasızlıq sərgilənməyəcək.Hər halda, Amerikada anlayırlar ki, Azərbaycanın siyasi rəhbərliyi daha vədlərə əhəmiyyət vermir, Əsas atılan addımlardır. Odur ki, son danışıqlardan sonra həm ikitərəfli münasibətlərdəki “dokratik təpkinin” lazımsız olması, Qarabağ probleminin müqəddəratında dünya liderinin hansı rolu oynayacağı barədə işartılar nə kimi dəyişikliklərin baş verməsinə aydınlıq gətirəcək”.
Kamran/Yenicag.az