Aktrisa TƏƏSSÜFLƏNDİ: “Lağlağıya, şit gülüşə baxan çoxdur”
“Təəssüflər olsun ki, bu gün populyarlıqla sənətkarlığı qarışıq salıblar. İndi populyar olmaq ‘iki vur ikidir’, amma sənətkar olmaq istedad tələb edir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Güney Əkbərova deyib.
İstedadsız və bayağı insanların bütün dövrlərdə olduğunu qeyd edən aktrisa, zamanla onların “ələnəcəyini” bildirib:
“Əvvəllər də sənət cameəsində həm istedadlı, həm də istedadsız insanlar olub. Elin gözü tərəzidir, istedad sonda öz sözünü deyir. İllər öncə ərsəyə gələn musiqilər və səhnə əsərləri bu gün də necə yaşayırsa, deməli, keyfiyyətli sənət nümunələri bundan sonra da tarixdə qalacaq.
Təəssüflər olsun ki, günümüzdə ‘gündəm’ anlayışına daha çox önəm verilir. Lağlağıya, mənasız, şit gülüşə, lazımsız insanlara baxan, bayağı mahnıları dinləyən çoxdur. Amma bu, o demək deyil ki, cəmiyyətdə hər kəs eyni zövqdədir. Zövqlü insanlar öz tələblərinə cavab verən keyfiyyətli sənət əsərlərini izləyir və dinləyirlər. Necə deyərlər, hər kəs öz qabında yetişir. Gec-tez yaxşı da, pis də ələnəcək, hər şey zamanın süzgəcindən keçəcək. İstedadsız, lakin populyar olan həmin insanların nə oxuduğu mahnı yadda qalacaq, nə də oynadığı tamaşa. Hamısı silinib gedəcək, yaddaşlarda yalnız əsl sənət əsərləri qalacaq”.
Cəvahir













