Alimlər “kosmik siçan balaları” yaratdı: İnsanlar kosmosda çoxala bilər?
Kosmik turizm və Mars kimi planetlərin araşdırılması ilə bağlı ümidlər artsa da, uzunmüddətli uçuşların insan bədəni üzərində yaratdığı təhlükəli təsirlər – əzələ zəifləməsi, sümük sıxlığının azalması kimi problemlər missiyaların həyata keçirilməsinə mane ola bilər.
Yenicag.az xəbər verir ki, mütəxəssisləri narahat edən digər məsələ isə kosmosun insanın sağlam nəsil yetişdirmə qabiliyyətinə təsir göstərməsi ehtimalıdır.
Çünki yumurta və sperma hüceyrələrinə dəyəcək hər hansı zərər gələcək nəsillər üçün ciddi fəsadlar yarada bilər.
Əvvəlki tədqiqatlar bu hüceyrələrin kosmosda anormallıqlar göstərə biləcəyini ortaya çıxarsa da, bunun necə baş verdiyi məlum deyildi.
Kyoto Universitetindən alimlərin apardığı yeni araşdırma isə maraqlı nəticə verib: “kosmik siçan balaları” yaradılıb.
Tədqiqatçılar əvvəlcə siçanlardan götürülmüş kök hüceyrələri donduraraq qoruyub saxlayıblar və onları 6 aylıq müddətə Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndəriblər. Hüceyrələr Yerə qaytarıldıqda hər hansı anormallıq aşkarlanmayıb. Daha sonra hüceyrələr siçanlara köçürülüb və normal şəkildə çoxalma nəticəsində sağlam balalar dünyaya gəlib.
Alimlər siçan balalarının genetik baxımdan sağlam olduğunu, genlərin normal işlədiyini təsdiqləyiblər. Bu nəticə göstərir ki, dondurulmuş germ hüceyrələri kosmosda ən azı 6 ay ərzində çoxalma qabiliyyətini qoruyub saxlaya bilir.
Tədqiqatın rəhbəri Mito Kanatsu-Şinohara bildirib:
“Gələcək insanlı kosmik uçuşlarda hüceyrələrin nə qədər müddət BKS-də saxlanıla biləcəyini öyrənmək çox vacibdir.”
Bununla belə, alimlər siçanların ömürləri boyu izlənilməsinin və gələcək nəsillərində ola biləcək dəyişikliklərin diqqətlə araşdırılmasının vacibliyini vurğulayıblar.
Araşdırmanın nəticələri nüfuzlu “Stem Cell Reports” jurnalında dərc olunub.