“Basməmmədi" çəkilən SERİALLAR: “Aclığın” sınağa çəkdiyi AKTYORLAR
Aktyor Azər Axşamın sosial şəbəkə hesabındakı paylaşımı diqqətimi çəkdi: “Hazırda bir Azərbaycan serialına baxıram, kriminal janrdadır… Ya bizdə belə filmləri çəkmək üçün yetərincə vəsait yoxdur, ya da biz bu işi bacarmırıq”.
Düşünürəm ki, bu, çoxlarını maraqlandıran bir məsələdir. Dəfələrlə bu mövzuda peşəkarlara suallar ünvanlamışam və fərqli cavablar almışam. Lakin ümumi qənaət belə olub: “Çörəyi ver çörəkçiyə”… Başqa ölkələri kənara qoyaq, axı niyə biz heç olmasa türk serialları səviyyəsində işlər ortaya qoya bilmirik? Hələ o serialları xaricə satıb qazanc əldə etməyi demirəm. Çünki dünya bazarına çıxmamışdan öncə, gərək daxili bazarımızı canlandıraq.
Çəkirik… Amma “basməmmədi” ərsəyə gələn serialların keyfiyyəti, özü yazıb, özü bəstələyib, özü də oxuyan bayağı müğənnilərin “üç günlük” mahnıları kimidir. Yalan olmasın, bir günə on bölüm çəkilir. Eyni geyimdə, eyni əhval-ruhiyyədə… Bəzən görürsən ki, serialda zaman bir il ötüb, amma aktrisa hələ də eyni libasın içindədir.
Bilmirsən ssenarini kim yazır, rejissorluğu kim edir… Çəkirik demişkən, hərə öz ətrafını, qohum-əqrəbasını çəkir. Bəlkə də onları qınamaq düzgün deyil. Min bir əziyyətlə, oradan-buradan pul tapır, kimlərinsə qarşısında əyilirlər. Özününküləri çəkməlidir ki, kommunal xərclərini versin, maşınının, evinin kreditini ödəyə bilsin. Amma “aclığın” sınağa çəkdiyi və məcburiyyətdən qəpik-quruşa çəkilən peşəkar aktyorların da halına acımaq lazımdır.
Bununla belə, peşəkarların əlindən çıxan maraqlı seriallar da yox deyil. Onlar da maliyyəni çətinliklə əldə edirlər, lakin ortaya səviyyəli iş qoyurlar. Çünki qohum-əqrəba ilə deyil, peşəkarlarla çalışırlar. Belə serialların sayı isə təəssüf ki, barmaqla sayılacaq qədər azdır.
Etiraf etməliyik ki, gənclər arasında kifayət qədər yaxşı aktyorlarımız var. Peşəkar film bazarı “ölü” olduğundan, onlar da qeyri-peşəkarların hazırladığı layihələrdə qəpik-quruşa çəkilməyə məcburdurlar. Elə bu sırada tanınmış Xalq və Əməkdar artistlərimizə də rast gəlmək olar. Kino yoxdur, onlar da dolanmaq üçün təklif olunan hər şeyə razı olurlar. İnsan evinin çörəyini almalı, kommunalını, kreditini ödəməlidir. “Boş soyuducu” qarın doyurmur axı…
Nəticə etibarilə: Keyfiyyətli iş üçün həm yaxşı maliyyə, həm də peşəkar ssenari və rejissor yanaşması mütləqdir.
Cəvahir













