“Bir cənub şəhərində”n boylanan MƏŞHUR: Ömrünü filmlərinə transfer edən Eldar Quliyevin ANIM GÜNÜDÜR
“Bir cənub şəhərində”, “Vacib müsahibə”, “Var olun, qızlar…”, “Səmt küləyi”, “Sevinc buxtası”, “Babək”, “Nizami”, “Gümüşgöl əfsanəsi”…
Sadaladığımız bu filmlər Azərbaycan milli kinosunun şedevrləri hesab olunur. Bu gün kinomuzda yaşanan tənəzzülü gördükdə ürəyimizdən yalnız bir fikir keçir: Nə yaxşı ki, zamanında belə sənət inciləri ərsəyə gəlib.
Yenicag.az xəbər verir ki, bu gün həmin ölməz ekran əsərlərinin müəllifi, Xalq artisti, görkəmli rejissor Eldar Quliyevin anım günüdür.
Eldar Quliyev dünya çapında tanınan bir kinorejissor idi. Başqa heç bir film çəkməsəydi belə, təkcə «Bir cənub şəhərində” filmi kifayət edərdi ki, onun adı kino tarixinə əbədi yazılsın. İstər ssenari xətti, istər rejissor işi, istərsə də aktyor oyunu baxımından bu film misilsiz sənət nümunəsi, Azərbaycan kinosunun “qızıl fondu”dur.
Təəssüf ki, böyük sənətkarlar gedəndə yerləri boş qalır. Eldar Quliyev də yeri heç vaxt dolmayacaq rejissorlardandır. Onun kimi klassik kino ənənəsini yaşadan, sənəti hər şeydən üstün tutan yeni nəsil rejissorlar, demək olar ki, yox səviyyəsindədir.
Eldar Quliyev hər dəfə filmləri ekranda nümayiş olunanda ölümsüz olduğunu bir daha sübut edir. Təbii ki, yaradıcı insanı yaşadan onun qoyub getdiyi irsdir. Eldar Quliyev ömrünü filmlərinə transfer edən sənətkar idi. Hər dəfə ekrandan — ekranlaşdırdığı obrazların arxasından onun işıqlı xatirəsi boylanır.
Ruhu şad olsun!
Cəvahir













