“Paşinyan Dağlıq Qarabağ məsələsində Serj Sarkisyana nisbətən daha sərt mövqe ortaya qoydu. Bu onu göstərir ki, Paşinyanın dövründə Ermənistanla danışıqlar prosesi daha ciddi əngəllərlə qarşılaşacaq”
Bu sözləri Yenicag.az-a açıqlamasında BMT-nin baş katibi Antonio Quterresin yeni erməni nazirini təbrik etməsinə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib:
“Paşinyanın Qarabağ məsələsində daha sərt mövqe sərgiləməsini heç erməni siyasi elitası da bəyənməyib. O gah Dağlıq Qarabağı Ermənistana birləşdirmək, gah da qondarma qurumu danışıqlar prosesinə cəlb etmək kimi sərsəm fikirlər irəli sürüb. Yaranmış vəziyyət belə deməyə əsas verir ki, indiki halda Qarabağ ətrafında danışıqlar prosesi ciddi çətinliklərlə üz-üzə qalacaq. O səbəbdən problemin sülh yolu ilə həlli məsələsində hələlik dəyişiklik olacağından danışmaq çətindir”.
Həmsöhbətimiz görə, BMT baş katibi Paşinyana təbrikində münaqişənin sülh yolu ilə həllinə ümid etdiyini deməklə əslində ermənini yola gətirməyə çalışıb:
“BMT-nin hazırkı baş katibi Antonio Quterres dünyanın aparıcı siyasətçilərindəndir. Bu kimi vəzifə sahibləri münaqişə ətrafında sözügedən fikirləri səsləndirməklə sarsaq ermənini yola gətirməyə çalışır. O arzu edir ki, dövlətlər öz aralarındakı münaqişəni sülh yolu ilə çözsün. Baş katib Paşinyana da bunu təlqin etməyə çalışıb. Onun daha pozitiv və daha praqmatik yol tutmasına çalışır. Bunun baş tutub-tutmayacağı isə artıq ayrı məsələdir. Bu məsələdə ehtiyatlıyıq və deyirik ki, baş tutması əslində kifayət qədər çətin görünür. Çünki hakimiyyətə daha millətçi bir erməni gəlib. O özünü demokratiya və Qərb dəyərlərinə sadiq kimi göstərsə də, əslində özgə torpaqlarının işğalını, orada etnik təmizləmə siyasətinin həyata keçirilməsini ölkəsi üçün biabırçı hal hesab etmir”.
Xatırladaq ki, BMT baş katibi Antonio Quterres Ermənistanın yeni baş naziri Nikol Paşinyanı seçilməsi münasibətilə təbrik edib, eyni zamanda Qarabağ konfliktinin sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib.
ELÇİN