Efirdə daha çox sərbəstliyi və səmimiyyəti ilə seçilir. Elə buna görə də qarşılaşdığı ekstrimlər zamanı vəziyyətdən asanlıqla çıxır. Həmkarları arasında bəyəndikləri çox azdır… Hətta onların bəzi hərəkətlərindən qəzəbləndiyi vaxtlar da olur.
Lider Televiziyasının aparıcısı Çinarə Əliyevanın Yenicag.az-a müsahibəsini təqdim edirik.
– Çinarə, subay, gözəl qızsan, yəqin ki, aşiqlərin çox olar?
– Tanış olmaq istəyənlər çoxdur. Amma mən onlara əhəmiyyət belə vermirəm.
– Niyə?
– Çünki işlərim o qədər çoxdur ki, heç özümə belə vaxt ayıra bilmirəm, o ki qaldı, oğlanlar ola.
– Bəs ailə qurmağı planlaşdırmırsan?
– Son bir-iki ildə yox.
– Niyə?
– Hələ ki, şansımıza yaxşısı çıxan olmayıb. Görək, gözləyirik.
– Necə bir şahzadə arzusundasan?
– Şərtlərim var, mütləq şəkildə mənə uyğun olsun, işimi qəbul etsin, bir də pulu çox olsun. Heç vaxt kasıb oğlana ərə getmərəm.
– Efir, canlı yaym olan yerdə mütləq maraqlı hadisələr də olur. Bəlkə başına gələn hadisələrdən danışasan?
– Çox olub. Hətta məni şoka salan bir neçə hadisə də baş verib.
– Məsələn, danış biz də bilək…
– “Tezdən oyan” verilişində aparıcı olarkən, canlı yayımda mənə evlilik təklifi ediblər, hədiyyələr göndəriblər. Sözün düzü, bunu əvvəlcə bir zarafat kimi qəbul etdim, amma gördüm ki, yox, adamın fikri ciddidir. Mənə telefon nömrəsini qoymuşdu.
– Tanıdığın insan idi, yoxsa?
-Yox. Canlı yayıma qoşulan həmin adam dedi ki, mən İrandan zəng edirəm və sizi çox bəyənirəm, sizinlə evlənmək istəyirəm.
– Cavabınız nə oldu bəs?
– Dedim ki, mən sizinlə ailə qura bilmərəm. Səbəbini soruşanda dedim ki, İranda başımı bağlayıb yaşaya bilmərəm.
– Səncə, izləyicilər səni hansı xüsusiyyətinə görə bəyənir?
– Efirdə tez-tez dəyişilməyim, obraza girməyim izləyicilərin xoşuna gəlir. Eyni zamanda pozitivəm, deyib-gülürəm, lazım olanda rəqs də edib şənlənirəm. Qonaqlarımı açıq söhbətə çəkirəm, bu da insanlar tərəfindən maraqla qarşılanır.
– Heç veriliş zamanı ekstrimlərlə qarşılaşmısan?
– Elə olub efirdə yıxılmışam da, səsim də batıb. Tamaşaçıya bunu hiss etdirməmişəm, o situasiyadan çıxmışam. Hətta bir dəfə efirdə yıxıldım. Amma özümü itirmədim, gülə-gülə dedim ki, göz-nəzər məndən əl çəkmir də.
– Yeri gəlmişkən, gözə-nəzərə inanırsan?
– İnanıram, amma bədnəzərdən qorunmaq üçün heç nə eləmirəm. Amma eləmək lazımdır.
– Çinarə həmişə brendə üstünlük verir, yoxsa?
– Yox. İnsanın daşıdığı paltar önəmli deyil, onun içi zəngin olmalıdır. Əlbəttə ki, brend geyimlər alıram və qarderobda kifayət qədər belə libaslarım var. Amma baxıb görürəm ki, ucuz qiymətə aldığım geyimlər əynimdə ondan da gözəl qalır. Bu gün 100 manatlıq paltar geyinərəm, amma baxanlar elə bilər ki, qat-qat baha almışam. Əsas odur o libası kim geyinir.
– Bəyəndiyin aparıcılardan kimlərin adını çəkərdin?
– Bəzilərini çıxmaq şərtilə gözəl aparıcılar var. 6 ildir bu sahədəyəm, görürəm ki, köhnə aparıcılar nədənsə yeniləri qəbul etmək istəmir. Görünüşə, danışığa görə, düşünürlər ki, hələ cavandırlar, qabağa gedəcəklər. Amma hər aşiqin bir dövranı olur. Vaxtı çatanlar özləri getməlidirlər.
– Sualıma cavab vermədin amma. Bəyəndiyin aparıcılar kimlərdir?
– Bəyəndiyim aparıcılardan Nərgiz Cəlilovanın adını çəkərdim. Aparıcılığını, xanımlığını, geyimini biləndir. Həmişə formadadar. Cavanlardan da Sevinc və Sevil bacılarının səmimiyyəti xoşuma gəlir. Afaq Gəncəli də gözəl aparıcıdır.
– Bəs efirdə aparıcıların hansı xüsusiyyəti səni qıcıqlandırır?
– Aparıcı qonaq haqqında məlumatsız olanda əsəbiləşirəm. Bəzən şit hərəkətlər də olur.
Cəvahir Səlimqızı
Foto:Cəmalə Əlizadə
www.yenicag.az