Əlləri və ayaqları olmayan xəstənin beyninə çip yerləşdirildi: Kompüter oyunu oynadı
Çin ABŞ-dən sonra beyin-kompüter interfeysi (BKİ) cihazlarını insanların üzərinə cərrahi yolla yerləşdirərək klinik sınaqlara başlayan ikinci ölkə oldu.
Yenicag.az xəbər verir ki, ilk sınaq iki əlini və iki ayağını yüksək gərginlikli elektrik cərəyanı vurması nəticəsində itirən 37 yaşlı xəstə üzərində aparılıb.
Xəstə çip sayəsində yalnız düşüncəsi ilə video oyun oynaya bilib.
Çin Elmlər Akademiyasına bağlı CEBSIT laboratoriyası bu çipin beyində immun reaksiyalar yaratmadan uzunmüddətli istifadəyə uyğun olduğunu bildirir.
Tədqiqatçılar gələcəkdə bu texnologiya ilə robot qolları və süni intellekt agentlərini idarə etməyi hədəfləyirlər.
ABŞ-də isə İlon Maskın “Neuralink” layihəsi bu sahədə aparıcıdır. Mask yaxın 10 ildə milyonlarla insanın beyninə çip yerləşdirməyi planlaşdırır.
Çinli mütəxəssislər öz çip texnologiyalarının “Neuralink”dən daha kiçik və daha elastik olduğunu iddia edir və 2028-ci ildə satışa çıxarılacağını bildirirlər.
İlkin mərhələdə çipin amputasiya və onurğa zədəsi olan şəxslərə yardım məqsədilə tibbi cihaz kimi istifadə olunması planlaşdırılır.