Ermənipərəst Adnan Oktarın gizli “Azərbaycan” planı – 1

media-hightechnic-468x90

Adnan Oktar: “Ermənilər bizim canımızdır, qardaşlarımızdır, dostumuzdur”

 

I Yazı


– Azərbaycanda aktivləşən Adnan Oktarın hədəfi erməniləri qardaş sayan Azərbaycanlı nəsil yetişdirməkdirmi?
– Adnan Oktar özünü Türkiyədə erməni sevdalıları arasında neçənci görür?
– “Harun Yəhya” təxəllüslü ermənipərəst Adnan Oktar ailə şəcərəsini belə saxtalaşdırıb…
– Adnan Oktar özünü necə Peyğəmbər nəslinə calaq etmək istəyib?
– Adnan Oktar Azərbaycan torpaqlarını Ermənistan ərazisi hesab edir…
– “Harun Yəhya” imzalı kitablar hansı xristian təşkilatın hazırlatdığı əsərlərin tərcüməsidir?

Bütün bu suallara aşağıdakı yazıda cavab tapacaqsınız…

“Harun Yəhya” təxəllüsü ilə çıxış edən, Türkiyənin qaranlıq dini qruplarından birinə başçılıq edən və “ermənilər bizim sevgili qardaşlarımızdır”ifadəsinin müəllifi olan Adnan Oktar, həbs ediləndə, Türkiyənin bu günə qədərki ən namuslu və vicdanlı, eyni zamanda dindar daxili işlər naziri kimi xarakterizə edilən Sadəddin Tantan onun haqqında “Abdullah Öcalandan daha təhlükəlidir” ifadəsini işlətmişdi. Biz bu gündən etibarən Azərbaycana da soxulan və ideoloji terrorun bariz nümunəsi olan bu qrupun təhlükəli fəaliyyəti ilə bağlı çox gizli məqamları açıqlayacağıq. Biz bu günə qədər heç bir ekstremist təhlükənin hədəsi qarşısında geri çəkilmədik, Adnan Oktarın əyanlarının şantaj və hədələri də bizi çəkindirə bilməz.

Nədən Adnan Oktar?

Bu araşdırmamızın anonsunu yayınlayandan sonra ən çox qarşılaşdığımız sual budur. Hətta Adnan Oktarın vəkili də bizə mesaj ataraq, bu barədə yazmamağımızı rica etdi. Bu araşdırmamız bəzi həmkarlarımız tərəfindən də birmənalı qarşılanmadı. “Düşmənimin dostu mənim dostumdur” prinsipi ilə hərəkət etməyə üstünlük verənlər bu şəxsin adından masonlarla bağlı yazılarını və bizim də masonlarla bağlı ilk dəfə böyük araşdırmaya imza ataraq, din düşmənlərinin Azərbaycandakı fəaliyyətinə qədər çox məsələyə toxunduğumuzu əsas gətirərək, əslində bu şəxsə toxunmamamız gərəkdiyini söyləyirdilər. Təbii ki, bütün bunu söyləyənlər Adnan Oktara çox dar pəncərədən baxan dostlarımızdır. Bizimlə eyni hədəfə qarşı çıxır deyə, heç kimin eyiblərinə göz yummaq bizim adətimiz deyil. Biz hər zaman insanların dini duyğularını istismar edənlərin, İslamın ən çox önəm verdiyi Ailə müəssisəsini dağıdanlarən, övladları doğma valideynləri ilə düşmən edənlərin, din adına eybəcərliklərə imza atanların və ən başlıcası Azərbaycan Türkünün düşmənini sevənlərin, erməniyə “qardaş” deyənlərin qarşısında yer almışıq, bundan sonra da doğru saydığımız mövqeyimizdən geri çəkilən deyilik. Etirazı olan varsa, cavab haqqı tanıya bilərik.

Türkiyədə başlayan erməni sevgisinə Adnan Oktar dəstəyi

Adnan Oktarla bağlı yazılacaq çox məqam var. Dəfələrlə psixoloji dispanserlərdə müalicə edilən və dəlilik kağızı alan, anası Mediha xanım tərəfindən uşaq vaxtı ögey atasının zülmü ilə ruhi sarsıntılar keçirdiyi və hələ də xəstə olduğu təsdiqlənən bu şəxsin sürətli yüksəlişi və çirkli pulla özü üçün səltənət qurmasından tutmuş, yazdığı sanılan kitablarının əslində yevangelist xristian Kilsəyə bağlı “Institute of Creation Research”-un hazırladığı yazıların əsasında müsəlmanlar üçün xırda dəyişikliklərlə hazırlandığına dair çox məsələ var. Ancaq biz ilk öncə Adnan Oktarın, yəni Harun Yəhyanın erməni sevgisindən başlamaq qərarına gəldik.

Ofisində asdığı xəritədə Azərbaycan ərazisini Ermənistan ərazisi kimi göstərən və bu səbəbdən də Bakıda yerləşən “İrşad” Otelindəki nümayəndəliyi bağladılan A.Oktarın bu hərəkəti ifşa olunandan sonra Azərbaycandakı missiyası böyük zərbə altına düşməsin deyə, “Türkiyə və Azərbaycan birləşsin” deyə, deyimi qulağa xoş gələn bir bəyanat verir ki, həmin bəyanatda da sətiraltında ermənilərə sevgi sərgilənir. Ermənilərin Osmanı İmperiyasında “milləti-sıddıka” adlandırıldığını yazan Adnan Oktarın ermənilərə olanb sevgisi Türkiyənin prezidenti Abdullah Gülün qalmaqallı İrəvan səfərindən sonra daha da üzə çıxdı. Gülün bu səfərinin gerçəkləşməsində özünün də payının olduğuna diqqət çəkən Adnan Oktar ciddi-cəhdlə Ermənistanla dostluğun, hətta qardaşlığın tərəfdarı olduğunu dilə gətirir. Hətta bilet və otel parasını verərək, İstanbula dəvət etdiyi azərbaycanlı jurnalistlərlə söhbətlərində də Azərbaycana “ağıl verərək”, ermənilərlə barışın tərəfdarı olduğunu gizlətmir. Təbii ki, bizim media mənsublarımızın çoxu da onun ermənilərlə bağlı dediklərinə o qədər də əhəmiyyət verməyərək, Azərbaycanla bağlı “bəytərifi”ni qabardırlar ki, bu da Adnan Oktarın işinə yarayır. Bir tərəfdən erməniyə qardaş deyib, digər tərəfdən də təkcə heç bir elmi dəyəri olmayan və Türkiyədə heç bir ciddi akademik çevrələrin yaxın buraxmadığı kitablarının satıldığı və təkcə bu yolla xeyli para qazandığı Azərbaycanı əlindən buraxmaq istəmir.

Adnan Oktarın ermənipərəstliyinə sübut istəyənlərə Ərzincan TV-də söylədiyi və öz saytında yerləşdirdiyi bu çıxışı təqdim edirik:
“Ermənilər, onlar bizim qardaşlarımızdır. Onlar da bizim canımızdır, inşaallah. Ermənistan da inşaallah Türk İslam Birliyi içərisində yerini alacaq. Boş yerə özlərini üzürlər. BİZ ONLARI QARDAŞ OLARAQ GÖRÜRÜK, DOST OLARAQ GÖRÜRÜK. İnşaallah Türk İslam Birliyinin o şəfqətli qolları içərisində onlar da yerlərini tapacaqlar. Hüzur içərisində yaşayacaqlar. TƏHLÜKƏSİZLİKLƏRİ TƏMİN EDİLƏCƏK. İnşaallah o Laçin Koridorunu da sevərək və istəyərək açacaq erməni qardaşlarımız. Ermənistanın bu gözəl jesti, erməniləri daha çox sevməmizə səbəb olacaq, inşaallah. Dağlıq Qarabağdan çəkiləcəklər, amma buna qarşılıq da Türkiyəyə də gələcəklər, Azərbaycana da gələcəklər, ticarət edəcəklər, oralara istədikləri kimi yerləşəcəklər. İstəyərlərsə orada ibadətlərini azad olaraq edəcəklər. Lakin bu bir qanayan yaradır. Laçin koridorunun bağlanılması, Dağlıq Qarabağın işğal edilməsi, bunlar çox gərəksiz, lazımsız şeylərdir… Ermənilərə qarşı Türkiyədə bir kin və nifrət yoxdur. Osmanlı dövründə ən gözəl, ən mühüm nöqtələrdə Erməni qardaşlarımız əyləşiblər. Ən məşhur sənətçilər, ən məşhur həkimlər Ermənilərdən çıxmışdır. ERMƏNİLƏR ƏHLİ KİTABDIRLAR. Tərtəmiz qardaşlarımızdır onlar. Bu tip narahatlıq duymaları son dərəcə yersiz. Keçmişdə olanlardan bəlkə bir ürəklərində burxuntu yarada ola bilər, amma keçmişdə döyüş vardı, yəni Ermənilər də Müsəlmanları kütlə halında yox etdilər. Amma biz onları bağışlayırıq… Artıq bunlar keçsin. YƏNİ BİZ ONLARI BAĞIŞLADIQ, ONLAR DA BUNLARDAN KEÇSİNLƏR. QARŞILIQLI BİR UZLAŞMA OLSUN. İslamda ƏFV VARDIR, xristianlıqda da vardır. QARŞILIQLI BİR-BİRİMİZİ SEVƏK.” (Erzincan TV, İyul 2008)

Dağlıq Qarabağ məsələsindən danışarkən, ermənilərə “canımız” deyən Adnan Oktarın bu sözləri Azərbaycan şəhidlərinin ruhuna təhqirdir. Erməniləri bağışlamaq lazım olduğunu İslam dininin arxasına gizlənərək deyən Harun Yəhya “Ermənilər, onlar bizim qardaşlarımızdır. Onlar da bizim canımızdır, inşaallah. Ermənistan da inşaallah Türk İslam Birliyi içərisində yerini alacaq” deyərək, əslində açıq bir ermənipərəstlik edir. Qarabağ məsələsindən əl çəkib, Türkiyə və Azərbaycanın hər tərəfinə istədikləri kimi yerləşmələrini (erməninin bizim torpaqlarda necə yerləşmək istədiyi məlumdur) arzulayan Adnan Oktar ermənilərə “təhlükəsizlikləri təmin ediləcək” vədini verir ki, bu da erməni dəyirmanına su tökməyə bənzəyir. Bəyəm, ermənilərin təhlükəsizliyinə kimsə əngəl olub bu vaxta qədər? Xocalı soyqırımını törədən də, Mart soyqırımını gerçəkləşdirən də, türk diplomatlarını qətl edən də ermənilərdir. Belə bir vəziyyətdə kimi kimdən qorumaq lazımdır? Ancaq bu kimi açıqlamalar ermənilərə daha çox sərf edir ki, sabah Adnan Oktar adlı adı türk olanın da onların təhlükəsizliyinin sığortalanmadığını söylədiyini yazıb, türkü dünyaya vəhşi kimi göstərsinlər.

Ermənilərə əhli-kitab kimi baxmağına gəlincə, bu Türkiyədəki dinçi ermənipərəstlərin əsas arqumentidir. Xatırlayırsınızsa, ötən saylarımızda göstərmişdik ki, Türkiyədə fətullahçılar ermənilərə düşmən deyil, əhli-kitab nəzəri ilə baxırlar. Onlar üçün Xocalıda, Kəlbəcərdə və ya Şuşada şəhid olan Azərbaycan Türklərinin zərrə qədər dəyəri yoxdur. Onlar erməniyə əhli-kitab nəzəri ilə baxır və onlar üçün biznes önəmlidir. Necə ki, Adnan Oktar xristian kilsə məclisinin qərarı ilə dindən qovulan erməniləri əhli-kitabdan sayaraq ticarəti təkilf edir.

Və bu günlərdə Türkiyədə yaşanan ermənilərdən üzr istəmə rəzalətinə oxşar şəkildə ermənilərə “bir-birimizi əhv edək və sevək” çağrısını da Harun Yəhya təxəllüslü Adnan Oktar edir. Kitabları Azərbaycanda açıq satışda olan, Türkiyədə yaxşı tanındığı üçün türk mediasından qaçaq düşən, ancaq ayda bir dəfə Azərbaycanın iqtidaryönlü və müxalifət mətbuatına müsahibələr verən və özünü təbliğ etdirən Adnan Oktar açıq şəkildə ermənipərəstlik edir. Adnan Oktarın ermənilərlə bağlı bu sevgi öpücüklərinə necə haqq qazandıracaqlar?.. Bu onların problemidir, biz isə Adnan Oktarla bağlı bilmədiklərinizi aydınlatmağa davam edirik…

Öz şəcərəsini saxtalaşdıran Adnan Oktar

Türkiyədə əxlaqsızlıqla ad çıxaran, Mehdi olmaq eşqinə düşən, həyatı boyu güclünün yanında olub, sarmaşıq ağacdan yapışıb böyüdüyü kimi, kiminsə kölgəsinə sığınaraq, güclənmək istəyən, bir gün Ərbakançı, bir gün Ərdoğançı olan və meydana çıxdığı dövrdən bu günə kimi dəfələrlə mövqe dəyişən, bu səbəbdən də təriflədiyi halda Türkiyədə belə heç bir camaatın qəbul etmədiyi şəxsdir Adnan Oktar!.. Üzdə masonlara qarşı mübarizdir və üzə çıxan eyiblərini də bu yolla sığortalayır… 14 yaşlı qızla zina edərkən həbs olunarkən də, kimlərə iftira atdığını boynuna aldığı üzə çıxanda da müridlərini itirməmək, “sosyete hocası” titulunu itirməmək üçün bu yolu seçir. Haqqında yazanlara iftira atmaqdan, şantaj silahından acımasızcasına istifadə edən və son zamanlar ermənilərə olan sevgisi aşıb-daşan Adnan Oktardan yazılası o qədər məsələ var ki, bunların hansından başlamaqda insan çətinlik çəkir… Nə isə… Öncə bu şəxsin kimliyinə diqqət edək… Bir adam öz şəcərəsini belə saxtalaşdırırsa, bu adamdan nə gözləmək olar?

Yanlış oxumadınız, əslini danan haramzadədir. Bəs şəcərəsini saxtalaşdıran? Bu suala dəyərli oxucularımız cavab verərlər. Biz isə bu şəxsin özü üçün uydurduğu şəcərə ağacına diqqət edək. Türkiyənin nüfuzlu araşdırmaçılarının da təsdiq etdiyi kimi özünün Qafqaz əsilli seyid olduğunu iddia edən Adnan Oktar şəcərəsini ta Həzrəti Peyğəmbərə qədər uzadıb. 37-ci nəsildə “Məhəmməd ibn Əli ibn Əbu Talib ibn al-Hanafiyah”-ə birləşdiyini iddia edən Adnan Oktar, namı digər Harun Yəhya unudub ki, Əbu Talibin atasının adı al-Hanafiyah deyil, əl-Müttəlib olub. Digər tərəfdən Məhəmməd Hənəfiyyə Hənəfi qəbiləsindən olduğu üçün deyil, anasının adı ilə Hənəfiyyə adlanırdı. 

Adnan Oktar şəcərəsinin ünvanını belə açıqlayır: Rusiya Federasiyası Stavropol Federal Arxivində saxlanılan, 17 İyul 1827-ci il tarixli orijinal sənədin kserksi. Arxiv Nömrə: 48, Dəri 2, Fayl Nömrə: 853.

Bu “tarixi” sənəddə, Quru Nogay və Yediskul bölgəsində yaşayan Nugay Seyidlərinin şəxsiyyətləri və ailələri haqqında məlumatlar mövcuddur. Bu məlumatlar bir siyahı halında olub, siyahıda 3-cü sırada Adnan Oktar (Harun Yahya)ın babasının babası olan Bəslən Aslan və ailəsinin qeydi var. Adnan Oktarın babası Ömər bəy Qafqazda doğulmuş, 1902-ci ildə Ankaranın Bala qəsəbəsinə yerləşmişdir. Ömər bəyin atası Hacı Yusuf, Hacı Yusufun atası isə rus arxivlərində seyid olaraq qeydi olan Bəslən Aslan (Kasayev)dır.

Olduqca uydurma olan bir soy ağacı. Oradan-buradan toplanmış, bəziləri uydurulmuş bir şəcərə. Türkiyənin nüfuzlu araşdırmaçılarının Adnan Oktarın şəcərəsini araşdıraraq üzə çıxardıqları yalanların bir qismi bunlardır:

31. Sultan Mövlud, Sarsareh hökmdarı (Bağdad Xəlifəliyində böyük ticarət şəhəridir) *** Sarsareh ya da türkcə oxunuşuyla Sərsəri İranda bir dağın adıdır. Belə bir hökmdarlıq da heç olmamışdır.
32. Sultan Qaydah və ya Kaida, Sarsareh hökmdarı *** Sarsareh ya da türkcə oxunuşuyla Sərsəri İranda bir dağın adıdır. Belə bir hökmdarlıq da heç olmamışdır.
33. Sultan Uşaq, Sarsareh hökmdarı *** Sarsareh ya da türkcə oxunuşuyla Sərsəri İranda bir dağın adıdır. Belə bir hökmdarlıq da heç olmamışdır.
34. Sultan Haled, Sarsareh hökmdarı Sarsareh ya da türkcə oxunuşuyla Sərsəri İranda bir dağın adıdır. Belə bir hökmdarlıq da heç olmamışdır.
35. Sultan Hürmuz, Misirdə *** Üşənmədim və araşdırdım amma Misirdə Hurmuz və ya Hörmüz adlı bir hökmdara rast gəlmədim. Ayrıca Hörmüz farsca bir addır, Bəsra körfəzindəki boğazın adıdır.
36. Sultan Kab və ya Kegap b.Məhəmməd, Şam hökmdarı *** Belə bir hökmdarla əlaqədar hər hansı bir məlumat yoxdur.
37. Məhəmməd ibn Əli ibn Əbu Talib ibn al-Hanafiyah, Mədinədə yaşadı. *** Bu barədə yuxarıda açıqlama verldi.
38. Hz Əli və həyat yoldaşı, Hənəfi qəbiləsindən ***Hz Əli Hənəfi qəbiləsindən deyildi. Məhəmməd Hənəfiyyə də mənsubu olduğu qəbilənin deyil, anasının adına ithafən Hənəfiyyə adlandırılıb. Qaynaq:http://en.wikipedia.org/wiki/Muhammad_ibn_al-Hanafiyyah
39. HZ. MƏHƏMMƏD (s). Belə bir saxta şəcərə ilə soyu nu Həzrəti Məhəmmədə (s) calamaqla O Böyük Şəxsiyyətin soyundan gəlmək olmaz. Bunu sonucda Adnan Oktar da anlayacaq.

Görürsünüzmü, özü və ətrafı vasitəsilə soyunun Həzrəti Peyğəmbərə dayandığına işarə edən və Mehdilik eşqinə düşən Adnan Oktarın soyağacı belə saxtadır. Onun həyatındakı saxtakarlıqlar bununla yekunlaşmır. Biz sizə Adnan Oktar adlı saxtakarın bütün əməllərini göstərəcəyik. O zaman Azərbaycana “böyük din alimi” olaraq təqdim olunan zatın Türkiyədə qadın dəllalı olaraq tanınmasından, müridlərinin həyat yoldaşlarını “seçməyinə” qədər, manekenləri özünə cariyə etməsindən hərşeyşünaslığına qədər çox məqamı aydınlatacağıq. İnşallah!.. Bizi izləyin…

“Yeni Çağ” Araşdırma Qrupuİğrenç örgütün iğrenç lideri Adnan Oktar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600