Evində ölü tapılan qadın məşhur MÜĞƏNNİ İMİŞ: Tələbə yoldaşı DANIŞDI-FOTOLAR
“Aprelin 3-də Mingəçevirdə 62 yaşlı qadının yaşadığı mənzildə meyitinin tapılması barədə xəbər məni çox sarsıtdı. Həmin qadın Şükufə Aslanova mənim tələbə yoldaşım olub. O, Asəf Zeynallı adına Musiqi Kollecində ustad sənətkar Şövkət Ələkbərovanın sinfində təhsil alıb”.
Bu sözləri Yenicag.az-a açıqlamasında ustad xanəndə Sabir Abdullayev deyib.
Xanəndə bildirib ki, ötən həftə Mingəçevirdə kimsəsiz halda vəfat edən qadın vaxtilə dövlət tədbirlərinin ulduzu olan, bənzərsiz səs sahibi bir müğənni imiş:
“Bu xəbəri eşidəndə sarsıntı keçirdim. Şükufə ilə tələbəlik illərimiz bir keçib. Şövkət xanımın tələbəsi idi, ustad xəstələnəndə onlara xanəndə Vahid Abdullayev dərs deyirdi. Şükufə əslən Ağdamdandır, məşhur ‘Qarabağ bülbülləri’ ansamblının solisti olub. O illərdə onun kimi oxuyan ikinci bir ifaçı yox idi, bülbül kimi cəh-cəh vururdu. İndi xalq və əməkdar artist adı daşıyan bir çox müğənni o vaxt onun qarşısında duruş gətirə bilməzdi.
Yadımdadır, bir musiqi yarışmasında elə oxudu ki, böyük sənətkar Hacıbaba Hüseynov hönkür-hönkür ağladı. Heyf ki, o cür böyük istedad məhv olub getdi. Taleyi gətirmədi, ailə qurandan sonra ağır günlər yaşadı”.
Məlumata görə, Şükufə Aslanova ailə qurduqdan sonra sənətdən uzaqlaşıb. Ömrünün son illərini maddi çətinliklər içində keçirən keçmiş müğənni Mingəçevirdə süpürgəçi işləyərək dolanırmış. O, bir qızı ilə birlikdə yaşayırmış.
Fotoları təqdim edirik:
Cəvahir













