Fəxriyyə Lilpar: “Ədəbli ədəbindən susar, ədəbsiz isə...”
“Nəzərə alsaq ki, zamanla münasibətlərin məcrası dəyişir, bu sürətli tempdə (“meqa-rutində”) həyatımıza hər gün yeni insanlar daxil olur. Belə olan halda, müəyyən çərçivələrin olması qaçılmazdır. Bəli, mühit dəyişdikcə çərçivələr də artır. İnsanlarla münasibətdə baryer saxlamağa çalışıram, lakin bəzən təəssüf edirəm ki, bu, qısamüddətli olur. Çünki qarşı tərəf bu məsafəni özünəməxsus, fərqli şəkildə qiymətləndirir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında tanınmış aparıcı Fəxriyyə Lilpar “Özünüz üçün yaratdığınız çərçivələriniz varmı və insanlarla baryer saxlayırsınızmı?” sualını cavablandırarkən deyib.
O, münasibətlərdə məsafənin (baryerin) mütləq olduğunu bildirib:
“Baryer mütləqdir. Belə bir misal var: sən nə danışırsan danış, qarşı tərəf yalnız anlayacağı qədərini qəbul edir. Ona görə də bir insanı tam tanımayanadək məsafə saxlamaq şərtdir”.
Aparıcı “Münasibətdə hədd aşılarsa, reaksiyanız necə olur?” sualına da aydınlıq gətirib:
“Tərz insanın vizit kartıdır. Qarşımdakının mühitdəki davranışını, baş verənlərə yanaşma tərzini müşahidə edir və ona uyğun davranıram. Məhz bu ehtiyatlı yanaşmam imkan verir ki, qarşımdakı həddini aşmasın. Əgər bu, qaçılmaz olarsa və həmin şəxs həddini aşarsa, onu elə oradaca qoyub, arxamı çevirib gedirəm. Özü də susaraq… Necə deyərlər, ədəbli ədəbindən susar, ədəbsiz isə onu susdurduğunu zənn edər. Qoy elə olduğu yerdə də qalsın”.
Cəvahir













