“The Guardian” yazır ki, heç demə, Hollandiya kralı artıq 20 ildir xəlvətcə və yarımştat pilot işləyirmiş.
Bu barədə əlahəzrətin özü qəzetə müsahibəsində məlumat verib.
Həmin müsahibədə kral Willem-Alexander deyib ki, 21 ildən sonra, elə bu yaxınlarda KLM şirkətinin Fokker 70 təyyarəsində “qonaq pilot” peşəsi ilə vidalaşıb.
Kral KLM-dən əvvəl yerli reysləri uçuran Martinair şirkətində çalışırmış.
Qonaq aviator kimi kral ayda iki dəfə işə gedirmiş və bir qayda olaraq ikinci pilot olurmuş.
İndi isə kralın fikri var ki, Boeing 737 təyyarələrini “sürmək” üçün təlim alsın.
Bütün bunlara baxmayaraq 50 yaşlı üç uşaq atası və 17 milyon təbəənin hökmdarı deyir ki, uçmaq onun üçün “hobbidir” və ona padşahlığın ağır yükündən arabir xilas olmaq imkanı yaradır.
“Təyyarə, sərnişinlər və ekipaj. Sən bunların hamısı üçün məsuliyyət daşıyırsan, – deyib kral öz ölkəsinin De Telegraaf qəzetinə, – Yer üzünün qayğılarını özünlə göy üzünə apara bilməzsən. Bütün diqqət və fikrini bu işə verməlisən. Mənim üçün uçmağın ən böyük həzzi bundadır”.
Willem-Alexander mümkün qədər inkoqnito qalmağa çalışsa da, arabir KLM şirkətinin sərnişinləri onu tanıya bilirlər. Axı göyərtədə həm də mühafizə dəstəsinin üzvləri olur.
Amma kral əlavə edir ki, cangüdənləri onunla 11 sentyabr terror hücumunun ardınca təhlükəsizlik qaydaları sərtləşdiriləndən bəri uçurlar. Kralın da tabe olduğu qaydalar var.
“Məsələn, 11 sentyabrdan əvvəl, pilot kabinəsinin qapısı açıq qalırdı. Adamlar məni tanıyanda gəlib içəri boylanırdılar” – deyir kral.
Amma onu hər halda elə də çox tanıya bilmirlər, çünki əlahəzrət işə gələndə KLM-in uniformasında olur.
Bəzən elə olur ki, salondakı sərnişinləri özü salamlamalı olur. Bu zaman onun öz adını deməmək hüququ var. Çünki ikinci pilotun adı rəsmən açıqlanmaya bilər.
“Əh onsuz da, komandirin elanlarına diqqətlə qulaq asan sərnişin az-az olur” – deyir Willem-Alexander (musavat).
www.yenicag.az