İlhamiyyədən xəbər aparıcılarına İRAD: “Qışqırırsınız, imkan verin...”
“Razıyam, bir dənəsiniz, sizi eşitməmək mümkün deyil, çünki qışqırırsınız. Gözəlsiniz, həm də ağıllısınız. Amma imkan verin, xəbərin özünü də eşidək”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist İlhamiyyə Rza sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
O, xəbər aparıcılarına səslənərək öz iradlarını belə ifadə edib:
“Aparıcılıq etdiyim dönəmlərdə çalışmışam ki, belə məsləhətlər verməyim. Amma indi bir seyrçi kimi bütün xəbər aparıcılarına bir sözüm var: Ay qadanız alım, siz dediklərinizi bizə çatdırmaq, xəbəri təqdim etmək üçün çalışırsınız, yoxsa öz sürətli və çaşmadan danışmaq qabiliyyətinizi nümayiş etdirmək üçün?
Ay canlar, heç kim bilməsə də, mən axı bilirəm ki, suflyordan oxuyursunuz. Lap əcəb edirsiniz. Amma bir dediklərinizin mahiyyətinə də varın. Vallah, dinləyirəm, amma xəbəri eşitmirəm. Nəyi qabartmaq istəyirsinizsə, bax, onu da eşidirəm. Eşidirəm ki, sizdən bir dənədir, eşidirəm ki, “məni eşitməyə bilməzsiniz”.
Razıyam, bir dənəsiniz, sizi eşitməmək mümkün deyil, çünki qışqırırsınız. Gözəlsiniz, həm də ağıllısınız. Amma imkan verin, xəbərin özünü də eşidək. Cümlələrinizi uzun etməyin. Qısa və aydın cümlələrlə xəbəri, yaxud şərhinizi, nə demək istədiyinizi çatdırın. Axı ekrana onun üçün çıxırsınız…
P.S: Bu, hamıya aid deyil, böyük çoxluğa aiddir. Favoritlərimin adını yazsam, digərləri inciyər. Hamınızı sevirəm”.













