Məşhur müğənni Xankəndində oxumaqdan imtina etdi
Məşhur italyan müğənnisi Robertino Lorettinin Xankəndində planlaşdırılan konseti baş tutmayacaq.
Bu barədə italiyalı müğənninin yaxın dostu, azərbaycanlı vokalist Emin Eminzadə məlumat verib. Onun sözlərinə görə, hər zaman Azərbaycanın uğurlarını təkrarlamağa çalışan ermənilər bu dəfə də onu təkrarlamaq istəyiblər: «İyunun 19-da Xankəndində Robertino Loretti Nijninovqorodda yaşayan və vokal oxuyan Akopyan soyadlı 14 yaşlı erməni uşağın dəvəti ilə konsert verməliydi. Guya bu uşağın babaları Xankəndində yaşayıb. O da özünə söz verib ki, babalarının xatirəsini anmaq üçün orada Robertino Loretti ilə konsert verəcək. Lakin İtaliyadakı səfirliyimizə dəvət edilən Robertino Lorettiyə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verilib. Ona bildirilib ki, Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan səfər edən hər bir kəsin adı qara siyahıya daxil edilir. Bu isə o deməkdir ki, həmin insan heç vaxt Azərbaycana gələ bilməz».
Emin əslən Qubadlıdandır. O bu barədə Robertino Lorettiyə dəfələrlə məlumat verdiyini, ata-baba yurdunun ermənilər tərəfindən işğal edildiyini, 1 milyondan çox insanın qaçqın düşdüyünü bildirib: «Robertino bizim evdə, hətta babamgildə də olub. Amma görünür, ermənilər ona yanlış məlumatlar veriblər. Şükürlər olsun ki, Xarici İşlər Nazirliyimizin və Azərbaycanın İtaliyadakı səfirliyinin uğurlu fəaliyyəti nəticəsində bu konsert baş tutmadı. İyunun 18-də Robertino Loretti ilə telefon əlaqəsi yaratdı. Mənə bildirdi ki, xəstə olduğuna görə Xankəndindəki tədbirdə iştirak edə bilməyəcək. Bu xəbəri Xarici İşlər Nazirliyinin və İtaliyadakı səfirliyimizin birgə məlumatı da təsdiq edir. Məlumatda bildirilir ki, Robertino Loretti Dağlıq Qarabağda təşkil olunan konsenrtdən imtina edib».
Qeyd edək ki, Emin Eminzadə vokal ifaçısı kimi artıq bütün dünyada tanınır. Robertino Loretti ilə bir neçə dəfə həm Bakıda, həm də Moskvada eyni səhnəni bölüşən Emini italiyalı müğənni «Azərbaycanın Robertinosu» adlandırıb. Robertino Loretti onda özünün gəncliyini gördüyünü deyib və uşaqlığından bəhs edən filmdə Eminin onun uşaqlığını canlandırmasını istəyib. 2011-ci ildə Rusiya hökuməti tərəfindən Robertino Lorettinin 65 illik yubileyi keçirilərkən o, Mədəniyyət və Turizm Nazirliyinə məktub yazaraq, özünün davamçısı hesab etdiyi Emin Eminzadəni bu tədbirdə görmək və onunla duet oxumaq istədiyini bildirib. Nazir Əbülfəs Qarayevin göstərişi ilə Eminin yubiley konsertində iştirakı təmin edilib. Emin onu da bildirib ki, yaxın vaxtlarda Robertino Loretti Bakıya gələcək və onunla birlikdə konsert verəcəklər: «Proqramda bizim duetimiz də olacaq. Mən italyanca mahnılar ifa edəcəm. İstəyirəm Robertino Loretti də azərbaycanca mahnı oxusun. Artıq mahnı hazırdır».