Məşhur rəssama QARŞI HAQSIZLIQ: AKİ katibi Mədəniyyət Nazirliyinə SƏSLƏNDİ
“Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) və onun mərhum sədri Rasim Balayevin “Azərbaycanfilm” ilə bağlı mövqeyi hər zaman sərt və konkret olub: “Azərbaycanfilm” yaşamalı və çiçəklənməlidir. İttifaq bu məsələni daim gündəmdə saxlayır. Bu səbəbdən, uzun müddət kinomuza yüksək səviyyədə xidmət etmiş ustad sənətkarlara qarşı rəzil münasibəti biz yolverilməz sayırıq”.
Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov deyib.
Qurum rəsmisi tanınmış qrim rəssamı, Əməkdar incəsənət xadimi Elbrus Vahidovun “Azərbaycanfilm” kinostudiyasındakı otağından zorla çıxarılmasına etirazını bildirib. O, kinomuzun simvolu olan sənətkar şəxsiyyətlərə qarşı belə münasibətin qəbulolunmazlığını vurğulayıb:
“Elbrus Vahidov sadəcə qrim rəssamı deyil; o, ustad sənətkar, pedaqoq və adı kino tariximizə qızıl hərflərlə düşmüş bir şəxsiyyətdir. Mədəniyyət Nazirliyi kinostudiya ilə bağlı sadə və konkret proqramını ortaya qoymalıdır. İttifaqın və kino ictimaiyyətinin həyəcan təbilindən sonra dövlət sifarişi ilə çəkiləcək filmlərdə studiyanın xidmətlərindən istifadə öhdəliyi qoyulub ki, bu da ilk və kiçik addımdır. “Azərbaycanfilm”ə tender və müsabiqələrdə iştirak üçün geniş imkanlar yaradılmalıdır. Qanunvericilik nazirlik tərəfindən studiyanın maliyyələşməsinə imkan verir. İttifaq studiyada təlim mərkəzinin yaradılması ilə bağlı da müraciət etmişdi, lakin operativ reaksiya verilmədi. Studiyada onilliklər boyu fəaliyyət göstərmiş uğurlu inzibatçı kadrlar var, onlar mütləq işə cəlb edilməlidir. Kino sahəsində kadr siyasətinə yenidən baxılmalıdır”.
Qeyd edək ki, AKİ İdarə Heyətinin üzvü, kinoşünas Sevda Sultanovanın verdiyi məlumata görə, studiyanın yeni rəhbərliyi “Tütək səsi”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Fəryad” və onlarla digər ekran əsərində qrim rəssamı kimi çalışmış 75 yaşlı Elbrus Vahidovu “Azərbaycanfilm”dəki otağından çıxarıb.
Cəvahir













