Bir vaxtlar efirdə, şou-biznes tədbirlərində tez-tez gözə dəyirdi. Elə adı da qalmaqallarda ən çox hallanan müğənnilər sırasında idi. Sonradan ailə qurdu, qız anası oldu. Çoxdandır görünməyən, səs-sorağı gəlməyən Günel Ələkbərlini deyirəm.
Sənətçinin Yenicag.az-a müsahibəsini təqdim edirik.
– Günel ana olandan sonra, şou-biznes aləmindən çəkildin, səni görə bilmirik…
– Analıq tamam fərqli və müqayisəolunmaz duyğudur. Övladım və ailəm mənim üçün birincidir. Sonra sənət gəlir. Dəvət aldığım tədbirlərə və verilişlərə gedirəm.
– Olmaya həyat yoldaşın sənətinə qadağa qoyub?
– Yox. O bilir ki, 2003-cü ildən bu sənət aləmindəyəm və məni seçəndə də müğənni olduğumu bilirdi. Sadəcə olaraq, vaxtımın çoxunu övladıma və ailəmə həsr etmək istəyirəm.
– Qızının dayəsi varmı?
– Yox, anamdan başqa onu heç kimə etibar etmirəm. Məryəmxanım 3 yaş 3 aylıqdır, hələ bağçaya qoymağa da ürək eləmirəm. Çünki bağçaya aparsaq, gərək atası da mən də onunla birgə gedək. Çünki bütün günü üstündə əsirik.
– Analıq Güneldə nəyi dəyişdi?
– Həyata baxışımı, insanlara münasibətimi.
– Bəs qarderobda? Bir vaxtlar cəsur geyimlərinlə hər kəsi təəccübləndirirdin…
– Düzdür, çılpaq fotolarım yayılmayıb, amma təsadüfən çimərlikdə çəkdirdiyim şəkillərim olub. Zamanında açıq-saçıq libaslar geyinmişəm. Amma indi qarderobumda dəyişiklik çoxdur. Qısa ətəklər də geyinirəm, dekoltelər də. Amma əndazəni aşmiram. Çünki həm anayam, həm də artıq yaşa doluram axı.
– Hamilə olanda haqqında çox şayiə yaydılar. Bütün bunlar səni narahat etdimi, ümumiyyətlə, elə insanlara reaksiyan necə oldu?
– Həmin vaxt ana olmağa hazırlaşırdım, həssas dönəm olduğu üçün bu sözləri eşidəndə pis olurdum.
– Məsələn, hansı sözləri?
– Deyirdilər ki, “dünyaya qeyri-qanuni uşaq gətirəcək”; “atası kimdir, nəçidir, bilən yoxdur” və s. Sonradan fikir vermədim, çünki insanlar onun-bunun həyatına müdaxilə etməyə vərdiş ediblər. Bəzi adamlar başqalarının həyatını müzakirə etməkdən zövq alırlar. Bu da ondan irəli gəlir ki, çoxları xoşbəxt deyil. İnsan xoşbəxt olanda, sevgidolu olur və ətrafına müsbət enerji ötürür. Sevgisizlikdən əziyyət çəkən adamlar isə başqalarının həyatını qaraltmaqla məşğuldurlar. Söz yox ki, hər kəsin həyatında problem olur, heç kim deyə bilməz ki, mən rahat həyat yaşayıram. Elə özüm də az çətinlik görməmişəm, sıxıntılar yaşamışam. Nüsrət Kəsəmənlinin şeirində olduğu kimi, “biri vardı, biri yox”. Amma kənardan baxanlar bəxtəvərlik verirlər.
– Həyat yoldaşın səndə ən çox hansı xüsusiyyəti bəyənir?
– Onu desəm, deyəcəklər Günel özünü tərifləyir.
– Yaxşı, onda hansı xüsusiyyətin həyat yoldaşının xoşuna gəlmir?
– Deyir, deyingənsən. Deyingənliyim də xırda məişət problemləri üstündə olur: “bu ayaqqabını niyə burda yox, orda çıxartdın”, “bu stəkanı niyə bura qoydun” və s.
– Həyat yoldaşın deyirsə “qatıq qaradır”, sən də razılaşırsan, yoxsa…
– Mütləq. Amma sonda mən deyəni deyir. Qadın böyük qüvvədir axı.
– Olubmu qısa ətəkdə, ya da dekolte geyimdə evdən çıxmısan, yoldaşın deyib ki, get əynini dəyiş?
– Heç qapıdan çıxmağa imkan verməyib, sözünü evdə deyib. Mən də əynimi dəyişmişəm. Əslində, onun nəyi bəyənib-bəyənmədiyini çox gözəl bilirəm və çalışıram ki, əsəbiləşməsi üçün ona əsas verməyim.
– Qayınatan, qayınanan varmı?
– İkisi də var.
– Həyat yoldaşının valideynlərinə necə gəlinsən? Münasibətləriniz necədir?
– Ölürlər məndən ötrü, ürəkləri gedir. (gülür)
– Doğrudan?
– Münasibətimiz yoxdur, amma yoldaşımın valideynləri mənim üçün də əziz adamlardır. Adama deyərlər, ərin yaxşıdır, atası, anası pis? Yox, mən həmişə onlara hörmətlə yanaşmışam.
– Bəs uşaq dünyaya gələndən sonra barışmadınız?
– Çox dərinə getməyək.
– İkinci dəfə ana olmağı planlaşdırırsan?
– Əlbəttə. Maddi imkanlarımız yaxşı olsa, ikinci övladımın da dünyaya gəlməsini istərdim. İnşallah.
Cəvahir
Yenicag.az
www.yenicag.az