Nazirliklərin birləşdirilməsi kütləvi işsizliyə səbəb olacaq?– Ekspert
Vüqar Bayramov: “Nazirliklər birləşsə də, bu heç də ləğv edilən nazirlik işçilərinin hamısının işsiz qalması anlamına gəlmir”
Son zamanlar Azərbaycanda bir sıra nazirliklərin ləğv edilərək, səlahiyyətlərinin başqa nazirliklərə verilməsi məsələsi gündəmə gətirilir. Hətta Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi. Qeyd edək ki, nazirlik və komitələrdə çoxsaylı insanlar çalışır. Onların ləğvi və ya birləşdirilməsi görəsən, işsizlik probleminin ciddi şəkildə artmasına gətirib çıxarmayacaq ki?
Yenicag.az-a açıqlamasında İqtisadiyyat və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov belə bir təhlükənin olmadığını söylədi: “Birmənalı şəkildə bəzi nazirliklərin birləşdirilməsi tərəfdarıyıq. Bu addım birmənalı şəkildə imkan verir ki, dövlət büdcəsinin vəsaitlərinə qənaət etmək mümkün olsun. Bu da dövlət büdcəsi vəsaitlərindən daha səmərəli istifadəyə imkan yaradır. Sözsüz, nazirliklərin birləşdirilməsinin müəyyən neqativ tərəfləri də var. Bu da həmin yerdə çalışanların iş yerlərini itirməsi ehtimalı ilə bağlıdır. Amma mövcud idaretmə etmə strukturunun təkmilləşməsi və çevik idarəetməyə malik olmaq olduqca vacibdir. O baxımdan güman etmirəm ki, nazirliklərin birləşməsi əsasında ciddi işsizlik ordusu formalaşsın. Belə bir təhlükə yoxdur. Nazirliklər birləşsə də, bu heç də ləğv edilən nazirlik işçilərinin hamısının işsiz qalması anlamına gəlmir. Bir qismi təbii ki, işlə təmin olunur. Bu səbəbdən də güman etmirəm ki, burada ciddi işsizlik ordusu yaransın. Düzdür, heç də hamısı işlə təmin oluna bilməyəcək. Bütün bunlara rəğmən nazirliklərin birləşdirilməsinə ehtiyac var”.
Rüfət