Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Paşinyanın ərazi İDDİASI - "Bundan sonra bölgədə vəziyyət yenidən gərginləşəcək" - ŞƏRH

“Paşinyanın bu çıxışından sonra bölgədə vəziyyət yenidən gərginləşəcək”.

Bunu Paşinyanın “Azərbaycanla Ermənistan 1991-ci ildə MDB-yə daxil olanda biri-birinin ərazisini tanıyıblar” deməsinə və hazırkı durumu gərginləşdirəcək fikirlərinə münasibət bildirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Yenicag.az-a açıqlamasında deyib.

Tofiq Zülfüqarov bildirib ki, hiss olunur Ermənistan siyasəti tam formalaşıb və onlar konfrontasiya (qarşıdurma) yolunu seçiblər:

“Bundan əvvəl ümidlər var idi ki, sülh və normal qonşuluq siyasətini seçəcəklər. Azərbaycan da buna cavab olaraq hansısa addımı atacaq. Paşinyanın dünənki açıqlamaları onu göstərir ki, Ermənistan köhnə siyasətinə, ilk növbədə də Qarabağ siyasətinə qayıdıb. Bunlar hiss olunurdu və gözlənilən idi. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa belə, onların ikinci dərəcəli ehtiyatda mövqeyi olacaq.

Erməni tərəfi deyəcək ki, Azərbaycan ərazisini tanıyırıq, ancaq Azərbaycan ərazisində yaşayan ermənilərin öz müqəddaratlarını təyin etmək hüquqları mövcuddur. Təklif edəcəklər ki, bununla ATƏT-in Minsk qrupu məşğul olsun. Erməni tərəfinin bu kimi bir neçə ehtiyat variantları olacaq. Əvvəlcədən düşünürdüm və bildirirdim ki, Ermənistan Azərbaycana qarşı konfrontasiya siyasəti seçəcək. Konfrontasiya siysəti Qarabağa, sərhədə və komunikasiyalara aid olacaq. Doğrusu 10 noyabr sənədində belə bir ehtimal var idi ki, reallığı qəbul edib, ermənilərin Azərbaycan dövlətinə qayıdışı məsələsində Azərbaycana yardımçı olacaqlar. Onların da marağı var ki, ermənilər Qarabağda qalsınlar, yaşasınlar. İndi hiss olunur ki, bu konfrontasiya məsələsində Azərbaycan öz siyasətini davam etdirəcək. Gözləyirəm ki, Ermənistan öhdəliklərindən imtina edəcəksə, Azərbaycanın tam ixtiyarı yaranacaq ki, Laçın dəhlizi məsələsində daha sərt mövqe tutsun. Sülhməramlıların nəzarətində olan qeyri-qanuni silahlı birləşmələrin tərkisilah olunması da gündəmə gətiriləcək. Azərbaycan bu məsələlərdə daha diqqətli olacaq və prosesləri daha sürətlə həyata keçirməyə çalışacaq. Çünki açıq-aşkar Ermənistan rəhbərliyi Azərbaycana qarşı konfrontasiya siyasətini bəyan edir. Bu, çox ciddi bəyanatdır”.

Sabiq XİN rəhbərinin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı konfrontasiya siyasəti həyata keçirəcəyi düşünülməyib:

“Sadəlövh olmayaq. Hər kəs gözləyirdi ki, Ermənistan öhdəliklərini yerinə yetirəcək və məsələ konflikt yaranmadan baş tutacaq. Bunu təkcə Azərbaycan yox, Rusiya və Türkiyə də gözləyirdi. Təkcə Şuşa bəyənnaməsində neçə dəfə sülhə çağırışlar var idi. Rusiya prezidenti açıq-aşkar deyib ki, əgər 10 noyabr bəyanatının şərtlərini kim yerinə yetirməyibsə, bu fəlakətə gətirəcək. Ciddi xəbərdarlıq edilirdi.

Münaqişənin səbəbi ərazi iddialarıdır. Paşinyanın dedikləri də, ərazi iddiasıdır. Paşinyan deyir ki, ərazini tanıyıram, ancaq Qarabağdan başqa. Məntiq bundan ibarətdir. Bir tərəfdən 10 milyonluq Azərbaycan var, digər tərəfdən 80 milyonluq Türkiyə. Ermənistanın konfrontasiya üçün potensialı yoxdur. Belə olan halda Ermənistan bu yolu seçərkən özlərinə fəlakət yolunu seçmiş olublar”.

Ermənistanın birdən-birə konfrontasiya yolunu tutmasının arxasında hansısa gücün olmasına gəldikdə isə, Tofiq Zülfüqarov bunları deyib:

“Hesab edirəm ki, Ermənistan heç kimə arxayın deyil. Ermənistanın bu siyasəti bir çox oyunçuların siyasətinə ziddir. Bəzən deyirlər ki, bunda Rusiya maraqlıdır. Rusiya maraqlıdır ki, burda münaqişə qalsın. Ancaq kəskin formada yox. Ermənistanın məqsədi həm də o idi ki, Rusiya ilə Türkiyəni toqquşdursun. Rusiya buna getmədi. Fərq etmir kim güclüdür, kim zəif. Müharibə, toqquşma heç kəsə lazım deyil. İndi də faktiki olaraq Ermənistan bu siyasəti ilə bir çox oyunçuların mövqeyinə zidd oyunlar aparacaq. Rusiya istəyir ki, münaqişə qalsın, ancaq heç kəsin qələbəsini istəmir. Bölgəni idarə etmək üçün Rusiyaya təkcə sərhəd mövzusu bəs edir. Qarabağda o qədər insanı saxlamaq, onlara ev tikmək kimə lazımdır? Sərhəd və dəhliz bəs edir ki, Rusiya iki ölkəni idarə etsin. Bu baxımdan bu, Paşinyanın böyük bir səhvidir.

Məsələyə optimist baxmaq lazımdır, ancaq təəssüflər olsun ki, Azərbaycanı konfliktə çəkirlər. Diplomatiyada nəyəsə nail olmaq üçün gərək bunu iki tərəf də istəsin. Azərbaycan sülh istəyir, Ermənistan qəbul etmir. O vaxt da təkliflər verirdik, qəbul etmirdilər. Vəziyyət yenidən təkrarlanır. Diplomatiyamızın işini real vəziyyəti dünya ictimayətinə çatdırmaqda görəcəm.

Hesab edirəm ki, Zəngəzur dəhlizi gündəmdə olmalıdır. Azərbaycan hücum diplomatiyasını keçməlidir. Bəzən deyirlər ki, Xankəndində bayrağımız yoxdur, Zəngəzurdan danışırlar. İnsanlar başa düşmürlər ki, müdafiə edərkən uduzacağıq, hücum edərkən isə bəzi şeyləri əldə edəcəyik. Ermənilər bunu başa düşüb və siyasətini dəyişdirib“.

Səxavət Məmməd

www.yenicag.az

234
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100