Rusiyada hökumətin yeni tərkibi təsdiqlənib.
Yenicag.az-ın verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin baş nazirin müavinləri və nazir postlarına namizədləri təsdiqləyib.
Baş nazirin birinci müavini postunu Anton Siluanov tutub. Tatyana Qolikova, Aleksey Qordeyev, Dmitri Kozak, Vitali Mutko, Yuriy Brisov, Oleq Qolodets, Maksim Akimov, Yuriy Trutnyev və Konstantin Çuyçenko isə baş nazirin müavinləri təyin ediliblər.
Xarici işlər naziri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokoltsev, mədəniyyət naziri Vladimir Medinskiy, ədliyyə naziri Aleksandr Konovalov, səhiyyə naziri Veronika Skvortsova, müdafiə naziri Sergey Şoyqu, sənaye və ticarət naziri Denis Santurov, idman naziri Pavel Kolobkov, iqtisadi inkişaf naziri Maksim Oreşkin, əmək və sosial müdafiə naziri Maksim Topolin və energetika naziri Aleksandr Novak yeni hökumətdə postlarını qoruyublar. Yeni təyinatlara gəlincə, Dmitri Patruşev kənd təsərrüfatı naziri, Vladimir Yakuşev tikinti naziri, Dmitri Kobılkin təbiət naziri, Yevgeni Ditrix nəqliyyat naziri, Amur vilayətinin qubernatoru Aleksandr Kozlov Uzaq Şərqin inkişafı üzrə nazir təyin edilib.
Fövqəladə Hallar Nazirliyində də dəyişiklik olub. Vladimir Puçkovun yerinə bu posta Yevgeniy Ziniçev təyin edilib. Şimali Qafqaz məsələləri üzrə nazir postunu isə Sergey Çebotarey tutub.
Yeni yaradılan Maarif Nazirliyinə Olqa Vasilyeva, Mədəniyyət və Ali Təhsil Nazirliyinə Mixail Kotyukov rəhbərlik edəcək. Keçmiş Rabitə Nazirliyinin yerində yaradılmış Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiya Nazirliyinə hökumət yanında Analitik Mərkəzin rəhbəri olan Konstantin Noskov təyin edilib.
Aleksandr Tkaçev, Mixail Men, Nikolay Nikiforov, Vladimir Puçkov, Aleksandr Xloponin, Sergey Donskoy, Maksim Sokolov, Aleksandr Qaluşka, Lev Kuznetsov, Dmitriy Roqozin, İqor Şuvalov, Arkadiy Dvorkoviç, Mixail Abızov yeni hökumətin tərkibinə daxil olmayıb. Öncəki hökumətdə A. Tkaçev kənd təsərrüfatı, M. Men tikinti, M. Sokolov nəqliyyat naziri, M. Abızov açıq hökumət məsələləri üzrə nazir, L. Kuznetsov Şimali Qafqazın inkişafı üzrə nazir, A. Qaluşka Uzaq Şərqin inkişafı üzrə nazir olub.
A. Xloponin, D. Roqozin və Arkadiy Dvorkoviç bundan öncəki hökumətdə baş nazirin müavini postunu tutublar./APA/