“Qərb eyni tipli münaqişələrə ikili standartlarla yanaşır”- Elman Nəsirov
Keçmiş sovet məkanında çoxsaylı münaqişələr mövcuddur. Bu münaqişələr Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Ukraynanın şərqində yaranan müharibə ocaqlarıdır. Lakin məsələ ondadır ki, bütün bu münaqişələr eyni kökdən qaynaqlansa da, onun həllinə baxışda beynəlxalq güclər fərqli baxışlar sərgiləyir. Məsələn, Qərbin digər sadaladığımız münaqişələrlə müqayisədə Dağlıq Qarabağ konfliktinə baxışı tamamilə başqadır.
Gərəsən, eyni münaqişələrə belə fərqli baxış nədən qaynaqlanır?
Politoloq Elman Nəsirov Yenicag.az-a açıqlamasında bildirdi ki, belə yanaşma ikili standartlardan irəli gəlir: “Münhen Təhlükəsizlik Konfransında “Ukrayna böhranı və digər həll olunmamış münaqişələrlə bağlı” müzakirələr ətrafında verilən sualın özündə də belə bir məsələ qoyuldu və prezident İlham Əliyev bildirdi ki, istərdik, ərazi bütövlüyü məsələsində eyni cür yanaşma olsun. Bir halda Ukraynanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq güclər çox qətiyyətli mövqe ortaya qoyub, amma oxşar vəziyyətdə Azərbaycanın da ərazi bütövlüyü pozulub, lakin buna görə Ermənistana heç bir sanksiya tətbiq edilmir. Bu isə ikili standartdır və prezident də qeyd etdi ki, ikili standartlara nə zaman son qoyulsa, münaqişənin həlli məsələsi də çox rahat olar və münaqişələr həllini tapa bilər”.
Elçin