!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sizdən elektrik alırıq... - Bu gün "tok"la oynayanların günüdür

!Reklam – Yazi

Günümüzdə elektrik enerjisinin rolu danılmazdır. Bu qüvvənin yoxluğu insan həyatını iflic vəziyyətə salır desək, yanılmarıq. Yəqin ki, işığın sönməsi nəticəsində hansı problemlərin yaşandığını bir-bir izah etməyə gərək yoxdur.

Hər halda cari ilin iyulun 3-də Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-in 1-ci və 6-cı enerji blokunda partlayışın baş verməsi nəticəsində bunun canlı şahidi olduq.

Təbii ki, arzuolunmaz qəza idi. Problem və onun fəsadları aradan qaldırılana qədər ölkənin qaranlığa qərq olması bizlərə çətin anlar yaşatdı. Baş verən qəza həyatımızda elektrik enerjisinin nə qədər böyük rola malik olduğunu bir daha bizlərə xatırlatmış oldu.

Məsələ burasındadır ki, indiyədək enerjinin bu qədər önəmli rola malik olduğunu və bir anda ölkədə xaosa səbəb ola biləcəyini ya təxmin etmirdik, ya da buna çox önəm vermirdik. Səbəb isə çox sadədir – fasiləsiz olaraq enerjiylə təminatımız olduğundan bu barədə düşünməyimizə ehtiyac belə yox idi.

Fasiləsiz enerji təminatının arxasında isə gərgin əmək dayanır. Çətin olduğu qədər, həm də məsuliyyətli işdir. Bu gün isə məsuliyyəti üzərinə götürənlərin günüdür. Hər il oktyabrın 20-si Azərbaycanda Energetiklər Günü kimi qeyd olunur. Bir sözlə, bu gün “tok”la oynayanların peşə bayramıdır.

Bəs görəsən, ölkədə işıqlı həyatın təminatı üçün hansı işlər görülür?

Enerji istehsal olunduqdan sonra ötürücü və paylayıcı şəbəkələr vasitəsilə istehlakçıya çatdırılır. İstehsal olunmuş enerji müəyyən gərginlik siniflərini keçməklə ünvana – əhali qrupu, istehlakçı qrupuna çatır. Bu enerji gələnə qədər 3-4 pillədən keçmək şərtilə 500, 330, 220, 110, 35, 10 kV-a, sonra da 0,4 kV-a keçir. Hər pillə müəyyən yarımstansiyalar deməkdir.

Ümumilikdə ötən illər ərzində “Azərişıq”ASC tərəfindən paylayıcı elektrik şəbəkələrində 44 ədəd 110 kV-luq, 167 ədəd 35 kV-luq yarımstansiya tikilib.

2015-ci ildə respublika üzrə elektrik şəbəkələrinin yük paylama qabiliyyəti 9 500 meqavolt amper olduğu halda, aparılmış tikinti və yenidənqurma tədbirləri sayəsində 2017-ci ilin sonuna bu göstərici 12 200 meqavolt amperə çatdırılıb.

Saytımıza danışan sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov əvvəlki illərlə müqayisədə elektrik stansiyalarının generasiya gücünün xeyli artırıldığını bildirir: “Əgər 2004-cü ilə qədər ölkəmizdə 3900 meqavolt gücündə olan 9 elektrik stansiyası vardısa, 2004-2017-ci illər ərzində yeni və müasir, generasiya gücü 2500 meqavolt olan 30 elektrik stansiyası tikilərək istifadəyə verilib. Bu, Sovetlər dönəmi də daxil 2004-cü ilə qədərki 84 il ərzində mövcud olmuş elektrik stansiyalarının generasiya gücünün 64 faiz artırılması deməkdir və cari ildə hökumət həmin artımın 74 faizə çatdırılmasını hədəfləyir. Biz indi nəinki ölkəmizin elektrik enerjisinə olan tələbatını tam ödəyirik, hətta elektrik enerjisi də ixrac edirik”.

Elektrik şəbəkələrində xroniki hal almış ifrat yüklənmələrin, sıçrayışların, döyüntülərin aradan qaldırılması məqsədilə 220 kV-luq 5 qovşaq yarımstansiyasının əlaqələndirilməsi üçün beynəlxalq standartlara uyğun 6 ədəd 110 kV-luq və 43 ədəd 35 kV-luq dairəvi elektrik təchizatı sxemi yaradılıb, mövcud hava xətləri kabel xətləri ilə əvəz olunub.

110, 35, 10, 6 və 0,4 kV-luq elektrik şəbəkələrinin infrastrukturu müasir texnologiyalar tətbiq edilməklə yenidən qurulub. Bütün yarımstansiyalar SCADA – məsafədən dispetçer idarəetmə sisteminə qoşulub. Bu isə birbaşa elektron idarəetməni təmin edir.

Paytaxtın paylayıcı elektrik şəbəkələrinin normalara uyğun istismarının təşkili, qorunub saxlanılması, gözlənilən inkişafa uyğun artan elektrik güclərinin qarşılanması, habelə qəza hallarının operativ aradan qaldırılması məqsədilə 22 ədəd 110 kV-luq, 77 ədəd 35 kV-luq, 1974 ədəd 10-6 kV-luq TM və KTM inşa edilib, 28093 km müxtəlif gərginlikli hava və kabel xətləri çəkilib, 239532 ədəd dayaq quraşdırılıb.

Şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi fəaliyyətinin əsas məqsədi olduğundan, “Azərişıq” ASC tərəfindən “Asan xidmət” mərkəzləri vasitəsilə abunəçilərə texniki şərtlərə dair müraciətlərin qəbulu, elektrik şəbəkəsinə qoşulması, borcun araşdırılması, borcun olmamasına dair arayışın verilməsi, elektrik enerjisi istehlakçısının dəyişdirilməsi daxil olmaqla 11 növ xidmət göstərilir.

Təkcə 2018-сi ilin yanvar-avqust ayları ərzində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin regional bölmələri tərəfindən elektrik enerjisi ilə təchizatı sahəsində etibarlılığın, səmərəliyin və dayanıqlılığın artırılması məqsədi ilə istehlakçıların elektrik təsərrüfatlarında 390 sayda texniki araşdırma aparılıb.

Xəbərləri oxuduqca qarşımıza tez-tez yarımstansiya tikilərək istismara verilib, yarımstansiyalar yenidən qurulub və gücləndirilib, hava xətləri yeraltı kabel xətləri ilə əvəz olunub, yararsız transformator yenisi ilə əvəz edilib, elektrik şəbəkələrində əsaslı yenidənqurma və təmir işləri aparılıb kimi cümlələr çıxır. Bütün bunlar kənardan baxanda bəlkə də, çox bəsit işlər kimi görünür. Lakin bu xəbərlərin arxasında gərgin əmək, gecəli-gündüzlü iş, böyük məsuliyyət dayanır.

Bu yarımstansiyalarda xidmət edən işçilər hər an hazır vəziyyətdə gözləyir. Orada olan qəzaların aradan qaldırılması, təmirlər, hava xətləri və yaxud kabel xətlərinin saz vəziyyətdə saxlanılması, onlara qulluğun göstərilməsi başlıca vəzifələrdir.

Qəzanın isə nə vaxtı var, nə də saatı: gecə də ola bilər, gündüz də, qışda da, yayda da. Hava şəraitindən asılı olmayaraq baş verən qəzanın qısa zamanda aradan qaldırılması üçün briqada hazır vəziyyətdə gözləyir və dərhal hadisə yerinə gedir.

“Azərişıq” ASC-də texniki direktorun birinci müavini olan Vüsal Qənbərov əhalini fasiləsiz olaraq elektrik enerjisiylə təmin etməyin nə qədər çətin və məsuliyyətli bir iş olduğunu bu sözlərlə ifadə edir:

“Bizim birinci işimiz ondan ibarətdir ki, əhalini fasiləsiz elektrik enerjisi ilə təmin edə bilək. Hər hansı qəza baş verirsə və ya gərginlik səviyyəsinin fərqi yaranırsa, hər hansı ərazidə problem baş verirsə, dərhal oraya getmək və bu problemi aradan qaldırmaq lazımdır. Əhali, istehlakçı məmnunluğunu yaratmaqdan ötrü gecə-gündüz bu işlə məşğuluq.

Hava şəraiti dəyişirsə, küləkli, yağışlı, qarlı, təhlükəli vəziyyət yaranırsa, sel gəlirsə, biz növbətçiliyimizi təşkil edirik. Gecə-gündüz növbə çəkirik. Hərə öz yerində oturur. Rayon rəisləri, işçilər, növbətçilər, qəza personalı – hamısı öz yerində oturub gözləyir. Amma əhalinin bundan xəbəri yoxdur. Hər kəs öz evindədir. İşıq söndü zəng edir ki, niyə söndü? Amma bilmir ki, çöldə tufandı, dayağı sel aparıb, kabeli külək qırıb və ya yüklənmə çox olub… Qəza xidməti gözləyir, amma onu heç kim görmür. Personal gedir, problemi aradan qaldırır və qayıdır”.

Məsuliyyət təkcə baş verən hər hansısa qəzanın aradan qaldırılması ilə məhududlaşmır. Elektrik enerjisi təminatı üçün görülən hər bir iş gərgin əmək, diqqət tələb edir. Təkcə naqillərin çəkilməsi belə xüsusi qaydada aparılır. Vüsal Qənbərov deyir ki, naqillər həm texniki, həm də iqisadi cəhətdən elə düzəlir ki, enerji itkiyə getmir: “Naqillər düz dayanmalı, tarım çəkilməli, bir-birinə toxunmamalıdır. Əks halda açılma olur. Bir dayaq yıxılırsa, arxasında o biri dayaqları da əyir. Xətti də qırıb tökür yerə. Üzərindəki izolyatorlar sınır, ümumi xətdə müəyyən qüsur yaranır. Bu da 10-15 dayağa təsir edir.

Qəza yerini araşdırmaq üçün birinci növbədə briqada gedib yoxlama aparır. Birbaşa məlumat çatan kimi qəza xidməti texnikayla hadisə yerinə gedərək problemi aradan qaldırır. Böyük bir qəzanın aradan qaldırılması təxminən 1 saat, saat yarım vaxt alır. Yəni dərhal qəza yerinə gedilir”.

Elə bilirsiniz, energetiklərin işi bununla məhdudlaşır? Xeyr. Aprel döyüşləri zamanı əsgərlərimiz ön cəbhədə şücaaət gösətirirdisə, eynisini arxa cəbhədə icra edənlər energetiklər idi: “Aprel döyüşləri zamanı döyüş gedə-gedə biz xətt təmir edirdik. İşıqları olsun deyə can yandırdıq ki, biz də bu yolla ora kömək edək. Bu, çox şərəfli işdir. Müharibə zonasında və ətraf zonada yaşayan əhalinin rifah halının yüksəldilməsi üçün gecə-gündüz dayanmadan çalışdıq. Elə etdik ki, əhali də narazı qalmasın. Görsün ki, dövlət onun arxasındadı. Biz də öz köməyimizi göstərdik. İndi də bu formada çalışırıq. Bizdə proqram tərtib olunarkən birinci müharibə zonası ətrafı, sonra da Azərbaycan nəzərdə tutulur. Çalışırıq ki, əhali dövlətdən az da olsa qayğısızlıq görməsin.

Qənbərovun sözlərinə görə, hazırda elektrik enerjisi sahəsində qəzaların sayının azalması müşahidə edilir. Hətta Azərbaycan qəzalaın operativ şəkildə araşdırılması və qısa zamanda aradan qaldırılması üzrə Avropa ölkələrilə rəqabət apara bilər: “Əvvəllər olduğu kimi indi də qəzalar, açılmalar olur. Bu qaçılmazdır. Qəzadan heç kim nə sığortalana, nə də qaça bilər. Təmir, tikinti, yenidənqurma işləri aparırıq ki, bu açılma olmasın, qəzaların sayı azalsın. Əvvəlki illərlə müqayisədə açılma sayı dəfələrlə azalıb. Açılmanın müddəti çox aşağı düşüb. Yəni indi biz istənilən ölkəylə rəqabət apara bilərik. Operativ şəkildə qəzanı araşdırmaq ən böyük göstəricidir. Şəbəkənin gücünün və dayanıqlılığının artırılması üçün görülən bütün işlərin yekun rəqəmi açılma sayında və açılma müddətindədir. Hazırda bizdə bu rəqəmlər elə səviyyəyə çatıb ki, Avropa ölkələrilə rəqabət apara bilərik”.

Bütün respublika üzrə elektrik enerjisi təminatında canlanma baş verdiyini deyən sabiq millət vəkili, iqtisad elmləri doktoru, professor Əli Əlirzayev bildirir ki, enerji təminatı olmadan həyatı təsəvvür etmək çətindir: “İndi elə bir kənd yoxdur ki, elektrik enerjisiylə təmin olunmasın. Artıq sadəcə magistral yollar deyil, kənar küçələrin də işıqlandırılmasına diqqət ayrılır. Ölkənin sosial inkişafının mühüm bir tərəfini məhz elektrik enerjisi təminatı təşkil edir. Enerji təminatı olmadan həyatı təsəvvür etmək çətindir. Enerjidən istər məişətdə, istər istehsalda olmaqla hər cürə istifadə etmək olur.

Elektrik enerjisinin qiyməti, onun alıcılıq qabiliyyəti əsas məsələdir. İndi sayğaclar quraşdırılıb. Sayğac sistemi də belədir ki, nə qədər elektrik enerjisi işlədirsənsə, onun qarşılığında da ödəniş edirsən. Elektrik enerjisindən az istifadə edirsənsə, az, çox istifadə edirsənsə də, müvafiq olaraq daha çox ödəniş edirsən. Əhali də enerjidən səmərəli istifadə etməlidir. Hər şey insanların özlərindən asılıdır. İnsanların alıcılıq qabiliyyəti, ödəmə qabiliyyəti olmalıdır. Elektrik enerjisindən istifadə edərkən qənaət rejiminə riayət etməlidir”.

Professor hər hansı qəzaların baş verməsinin qarşısını almaq üçün müntəzəm olaraq yenilənmə işlərinin aparılmasının vacib olduğunu qeyd edir: “İnfrastruktur inkişaf etməli, kabellər, sayğaclar düzgün olmalıdır. Təhlükəsizlik normalarına riayət olunmalıdır. Transformatorlara güc düşdükdə partlayış olur. Onlar mütəmadi olaraq təzələnməlidir. Gərək bura vəsait qoyula, tez-tez təzələnə ki, fors-major hallarda müəyyən bir hadisə baş verməsin”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında enerji təsərrüfatının texniki vəziyyəti ilə bağlı çox ciddi addımlar atıldığını vurğulayıb: “İnfrastruktur layihələri ilə bağlı ilin sonuna nəzərdə tutulan bütün məsələlər öz həllini tapır. Qazlaşdırma 94 faizə çatıb, hədəf 95 faiz idi, ilin sonuna qədər biz buna nail olacağıq. Bu ilin sonuna qədər “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Bu, bizim sistemimizə əlavə 400 meqavat enerji verəcək. Bu, çox böyük gücdür. Eyni zamanda, enerji sistemimizdə çox ciddi islahatlar, təhlil aparılır. Yay ayında baş verən o qəzanın səbəbləri tam araşdırılıb və müvafiq inzibati ölçülər götürülüb. İnvestisiya qoyuluşu, bizim enerji təsərrüfatının texniki vəziyyəti ilə bağlı çox ciddi addımlar atılıb, bu işlərə beynəlxalq məsləhətçilər cəlb edilib. Biz bu il və gələn il bu sahəyə əlavə vəsait ayıracağıq ki, həm generasiya güclərinin yaradılması, ötürücü xətlərin, yarımstansiyaların tam dayanaqlılığı təmin edilsin. Eyni zamanda, mövcud stansiyaların generasiya güclərinin artırılması üçün əlavə addımlar atılacaq. Çünki vaxtilə tikilmiş stansiyalar tam gücü ilə işləmir. Mənə məlumat veriləndə cədvələ baxıram ki, 80 meqavat nəzərdə tutulub, cəmi 15 meqavat işləyir. Bunları belə səmərəsiz şəkildə istismar ediblər ki, onların bəziləri demək olar ki, öz potensialını itirib. Biz bunları bərpa edəcəyik. Təbiidir, müəyyən qədər vaxt lazım olacaq. Ancaq bu sahədə tam yeni bir yanaşma olmalıdır. Biz bu gün də elektrik enerjisini ixrac edirik, bizdə kifayət qədər potensial var. Gələcəkdə özümüzü perspektivləri nəzərə alaraq təmin etməklə ixracımızı da artıracağıq”.

Aydan Axundova

 

COP29

www.yenicag.az

6932
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv