Tanınmış aktyordan SENZURA TƏLƏBİ: “Aparıcı hər yoldan keçəni efirə çıxarmamalıdır”
“Sponsor tapır, kamera alır, yan-yörəsindəkiləri başına yığıb, güya film çəkirlər. Nəticədə də sənəti gözdən salırlar”.
Bunu Yenicag.az-a açıqlamasında aktyor Rəşat Kəsəmənli deyib.
Aktyor “Bu gün sənəti gözdən salanlar kimlərdir” sualını cavablandırarkən sənət aləmində yaşanan xaosun qarşısının alınması üçün ciddi nəzarət qurumunun yaradılmasına ehtiyac olduğunu vurğulayıb:
“Bu gün sənətin gözdən salınmasının bir neçə səbəbi var. Birincisi, ciddi nəzarət olmalıdır. Necə ki, sovetlər dönəmində senzura var idi. Efirə buraxılan hər bir sənət adamının sənəti, eləcə də filmlər senzuranın süzgəcindən keçirdi. Filmi kim çəkib, rejissor kimdir, filmdə çəkilənlər peşəkar aktyordurmu? Bütün bunlar nəzarətdən keçəndən sonra həmin film ekranlara çıxarılırdı. Eləcə də aktyor, müğənni… Amma indi kim nə istəyir, edir. Kimin bir az pulu var, kamera alır, sponsor tapır, öz ətrafını başına yığıb başlayır, güya, film çəkməyə. Nəticədə sənəti gözdən salırlar. Yaxud da televiziyada aparıcılıq edir, ağzına gələni danışır, Azərbaycan dilini də gözdən salırlar, Azərbaycan sənətini də. Bunlara nəzarət edən ciddi qurum lazımdır. Belə olsa, dırnaqarası sənət adamları heç vaxt nə efirə çıxa bilərlər, nə də çəkdiklərini efirə buraxarlar. Aparıcılar hər yoldan keçəni efirə çıxarmamalıdır. Ümumiyyətlə, aparıcıların özlərinə də nəzarət olunmalıdır”.
Cəvahir













