Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Təcili yardım maşınları üçün ayrıca yol olsun, olmasın?

10818766_10204387080749857_652737872_nAdil Qeybulla: “Yaxın dövr üçün bu məsələnin həll olunacağını real görmürəm”

Mahmud Hacıyev: “Mümkündür”

Təcili tibbi yardım və yanğınsöndürən maşınların çağırış yerinə tez çatmaları vacibdir. Lakin Bakı şəhərində əksər hallarda bunun əksini müşahidə edirik. Yolların tıxac olması, habelə digər avtomobil sürücülərinin bir sıra hallarda təcili tibbi yardım maşınlarına yol verməməsi, onların çağırış məntəqəsinə gec çatması ilə nəticələnir. Bu isə çox vaxt insan taleyilə bağlı olaraq, ciddi problemlər törədir.
Bəzi xarici ölkələrdə təcili tibbi yardım, yanğınsöndürən maşınların çağırış yerinə vaxtında çatmalarına yardım etmək üçün ayrıca yollar salınır.
Görəsən, Azərbaycanda da həmin təcrübəni tətbiq etmək olarmı?

Yenicag.az-a açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, yaxın zamanlarda bu məsələnin həll olunacağına əmin deyil: “Azərbayanda sürücülük mədəniyyəti çox aşağıdır. Bu qədər kamera və nəzarət sistemlərinin olmasına baxmayaraq, insanların yol hərəkət qaydaları, sürət həddinə məhəl qoymamaları, qayda-qanunu pozmağa meylli olmaları yollarda qəza və tıxacların yaranmasının əsas səbəblərindən biridir. Azərbaycanda hazırda yol infrastrukturu təcili tibbi yardım maşınları ücün ayrıca yolların olmasına hesablanmayıb. Belə yolların olması vacibdir, amma onlar əvvəlcədən nəzərdə tutulmalıdır. Amma əminəm ki, digər nəqliyyat vasitələrinin sürücüləri tıxac yaranan zamanı həmin ayrıca cığırı da tutacaqlar. Ona görə də bu məsələnin həlli üçün öncə sürücülük mədəniyyəti qaldırılmalıdır. Bu istiqamətdə ciddi maarifləndirmə aparılmalıdır. Eyni zamanda, əksər yolların infrastrukturu yaradılıb, çəkilib və onun kənarında yer qalmayıb. Bəzi yollar yaşayış məntəqəsinin az qala bir neçə metrliyinə gəlib çatıb. Bu səbəbdən də bəzi yerlərdə ayrıca yolun salınması çətin olacaq. Ona görə də yaxın dövr üçün sözügedən məsələnin həll oluna biləcəyini real görmürəm. Amma olmağı vacibdir”.

Sabiq polis polkovniki Mahmud Hacıyev də təcili yardım maşınları üçün ayrıca yolların olması məsələsinə müsbət yanaşdı: “Aydın məsələdir ki, operativ vəzifə yerinə yetirən nəqliyyat vasitələri üçün ayrıca yolların olması daha məqbul variantdır. Ölkəmizin büdcəsi də bu istiqamətdə fəaliyyətə keçməyə imkan verir. Ona görə də, Azərbaycan da bəzi xarici ölkələrdə tətbiq olunan bu təcrübədən istifadə etməlidir. Lakin burada əsas problem tıxacların olmasıdır. Təcili tibbi yardım və yanğınsöndürən maşınlar adətən çağırış yerinə gedərkən iki problemlə üzləşir. Yollarda artıq adət etdiyimiz tıxaclar onların təyinat yerinə vaxtında çatmalarına əngəl olur. İkinci bir tərəfdən, tıxac olmayan zamanlarda bəzi sürücülərin mədəni səviyyəsinin aşağı olması da bu sahədə problemlər yaradır. Bunun üçün onlarla hüquqi maarifləndirmə işləri aparılmalıdır. Habelə belə halları Dövlət Yol Polisinin sanksiyalaşdırılmış qərarları ilə də aradan qaldırmaq olar. Tıxac məsələsi isə artıq 15 ildir ki, bir bəlaya çevrilib. Təcili yardım maşınları üçün ayrıca yolların salınması dövlət əhəmiyyətli layihənin işlənilməsini tələb edir. Problem hökumət səviyyəsində həll olunmalıdır. Azərbaycanın iqtisadi gücü bu istiqamətdə də addım atmağa yetər”.

Rüfət / Yenicag.az

Loading...

www.yenicag.az

417