“Toydan qazanır, amma mahnıya pul xərcləmək istəmir” – Bəstəkar "bazar"ını ÖLDÜRƏN SƏBƏB
Bu gün yeni yazılan peşəkar bəstəkar mahnıları demək olar ki, eşidilmir. Səbəb nədir müğənnilər pul xərcləmək istəmədiyi üçün peşəkar bəstəkara müraciət etmir, yoxsa sadəcə olaraq, zövqlər dəyişib? Niyə son illər bayağı mahnılara maraq sürətlə artır?
Yenicag.az-a açıqlama verən tanınmış bəstəkar İmruzə Hüseynova suallara aydınlıq gətirib.
O, müğənnilərdən çox şairlərin ona müraciət etdiyini bildirib:
“Mənə müğənnidən çox şairlər müraciət edir. Mənim mahnılarımı bəyənirlər və istəyirlər onların şeirlərinə mahnıları mən bəstələyim. Qaldı ki, müğənnilərə, onlar mahnıya pul xərcləmək istəmirlər. Toylara gedirlər, özü də yüksək məbləğdə qonorara. Amma mahnıya xərc çəkmək istəmirlər. Özü yazır, özü də oxuyur. Hamısı da bir-birinə bənzəyir”.
Bəstəkar zövqlərin də dəyişdiyini təəssüflə vurğulayıb:
“Zövqlər də müxtəlifdir. Bu gün taksi ilə evə gəlirdim. Gənc oğlan olan sürücü elə gözəl musiqilərə qulaq asırdı ki, o musiqilərə heyran oldum. Hələ üstəlik soruşdu ki, xanım, sizi narahat etmir ki, bu musiqi? Məəttəl qaldım onun yüksək musiqi zövqünə. Hərdən də sürücü elə üzdəniraq mahnılara qulaq asır ki, onda qulağımı tıxayıram”.
Cəvahir













