Xalq artistindən ÇAĞIRIŞ: “Axı ora bizim tarixi abidəmizdir!”
“Dəfələrlə demişəm, yenə də deyirəm: Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası istehsal bazası kimi yenidən bərpa olunmalıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Xalq artisti Xalidə Quliyeva deyib.
Aktrisa vaxtilə qaynar fəaliyyət göstərən və çoxsaylı filmlərin ərsəyə gəldiyi kinostudiyanın əvvəlki statusunun bərpası üçün çağırış edib:
“Hazırda Cəfər Cabbarlı adına ‘Azərbaycanfilm’ kinostudiyasında struktur dəyişiklikləri baş verir. Lakin unutmaq olmaz ki, bu məkan vaxtilə nəhəng istehsal bazası, çəkilən filmlərin doğma evi olub. Kinostudiya bizim tarixi abidəmizdir. Burada zamanında kinoaktyor ştatı, peşəkar dublyaj redaksiyası fəaliyyət göstərib.
Bu gün kinostudiya müasir istehsal bazası kimi mütləq yenidən qurulmalıdır. Necə ki, vaxtilə ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə kinostudiyanın maddi-texniki bazası təzələndi və nəticədə çoxsaylı dəyərli filmlər çəkildi. Bu gün də həmin istehsalat potensialı yenilənməli və yaşamalıdır. Biz aktyorlar ümid edirik ki, arzumuz tezliklə reallaşacaq. Hər kəs bu günü gözləyir”.
Cəvahir













