Dünyada öz qəddarlığı ilə ad çıxaran çox qatil var. Onları adətən şizofreniya xəstəsi kimi də qəbul edirlər. Ancaq elə qatillər var ki, onlar psixi cəhətdən sağlam olsalar da, məhkəmə zamanı özlərini xəstə kimi təqdim edirlər. Bəzən onlarla adamın qatili olan birisi bu qətlləri anlaqsız vəziyyətdə törətdiyini sübut etmək istəyir. Amma elə qatillər var ki, onlar məhkəmə zamanı da danışmır, sirləri özləri ilə birlikdə qəbirə aparırlar. Belə qatillərdən biri XIX əsrin sonlarında bütün Fransanı qorxuya salan Henri Desire Landrudur.
Henri 12 Aprel 1869-cu ildə Paris yaxınlığında anadan olub.
O sadəcə kasıb bir ailənin üzvü idi. Doğulduğu ailədə anasından dərzilik sənətinin sirlərini öyrənən Henri hələ kiçik yaşlarından bu sənətdən pul qazanmağa başlayır. 18 yaşında hərbi xidmətə gedən Henri sinəsindəki ağrılar səbəbindən ordudan tez buraxılır. 19 yaşlı Henri ata-anasının təkidilə evlənir. Əmisi qızı ilə ailə həyatı quran Henri iki övladı olanda ayrılmağa qərar verir. O, özünü xoşbəxt saymırdı. İçindəki bu boşluq onu qəzəbləndirirdi. Bu boşluğu tapmaq üçün içkiyə qurşanan Henri tamamilə ailəsindən uzaqlaşmışdı. Gününü Paris küçələrində keçirir, işləmədən daha çox qazanmağın yollarını axtarırdı.
Henri təsadüfən olduqca varlı bir qızla – 22 yaşlı Jozefina ilə tanış olur. O Jozefina vasitəsilə dəbdəbəli saray məclislərində iştirak edirdi. Bahalı geyimlərdə gəzən Henri varlı xanımlarla tanış olurdu. Bu həyat Henrini birdən-birə varlanmaq eşqinə salır. Onun ilk qurbanı elə Jozefina olur. Jozefinanı öldürən Henri onun var dövlətini ələ keçirir.
İkinci qurbanı çox axtarmaq lazım gəlir. Onun dəbdəbəli məclisdə tanış olduğu dul qadın İzore də var-dövlətli olur. O, İzoreni Paris yaxınlığında öldürür. İzorenin yoxa çıxması Henrinin həbs edilməsi ilə nəticələnir. Həbsxanada ən qəddar qatillərlə bir yerdə olması onu daha da vəhşiləşdirir. Peşəkar qatil həbsdən çıxdıqdan sonra yeni qurbanlar axtarışına çıxır.
Bu dəfə daha diqqətli olmalı, ardında dəlil qoymamalı idi. O da qadınları öldürmək yolunu seçir. Beləliklə də Henridən şikayət edəcək şəxs də qalmayacaqdı. Olduqca gözəl geyimlər geyinən və hündürboy Henri qadınları tez yoldan çıxarmağı bacarırdı. Yeni qurban Madam Cuchet idi. Henri tez bir zamanda Madam Cuchetin bütün əmlakını ələ keçirir. Qadının ona etirazı isə ölümü bahasına başa gəlir. Henri ümumilikdə 18 qadının qatili kimi həbs edilir.
Ancaq məhkəmədə Henri özünü dəbdəbəli saraylarda olduğu kimi aparır. O, məhkəmədə özünü elə müdafiə edir ki, az qala ətrafdakılar da onun nə qədər aciz, günahsız olduğuna inanırlar. Məhkəmə dəlil tapmadığı üçün onu azad edir.
Amma Henri öz əməllərinə son vermək istəmirdi. O 19-cu qurbanını Eyfel qülləsinin yanında tapır. Restoran sahibi olan İzobel adlı qadınla tanış olan Henri onunla birlikdə 1 il yaşayır. Lakin o köhnə sənətindən əl çəkməmişdi. İzobelin bütün var dövlətini ələ keçirən Henri onu səssiz-soraqsız yox etməyə qərar verir. İzobel öldürülür. Lakin İzobelin qardaşı o dövrdə Paris polisində işlədiyindən Henri qurtula bilmir. Faktlar qarşısında qatil aciz qalsa da, özünü günahkar saymır. Onunla əlaqəsi olan 19 qadın itkin sayılırdı. Elə buna görə məhkəmədə o yalnız bunları deyirdi:
“Həyatıma girən qadınlarla bağlı danışmaq istəmirəm. İtkin düşüblərsə, mənimlə əlaqəsi yoxdur”.
Aparılan araşdırmalar Henrinin uzun illərdir axtarılan bir qatil olduğunu ortaya çıxarır. Məhkəmə onun edam edilməsinə qərar verir.
Henri məhkəmədə heç nə danışmadığına görə, öldürdüyü qadınların cəsədlərinin yerini bilən olmur. Henriyə edam edilməmişdən əvvəl son istəyini soruşanda, sadəcə “Saqqalımı kəsməyin” deyir.
O məhkəmədə çox danışmağı sevmədiyi üçün suallara cavab vermirdi. 3 ay davam edən məhkəmə prosesində cəmi üç-dörd cümlə işlədən Henrinin sirrinin üstü 45 il sonra açılır. Belə ki, onun edamdan öncə qaldığı həbsxanada divardan asılan bir şəklin arxasında törətdiyi cinayətlərə dair bir etiraf yazdığı üzə çıxır: “Mən öldürdüyüm qadınların cəsədlərini yandırdım”.
Onun yazdığı bu etiraf 45 il sonra muzeyə çevrilən həbsxanadan çıxır. O, öz əməlləri və törətdiyi cinayətlərə görə dünyanın ən qəddar qatili olduğunu sübut edir.
Qoşqar Salmanlı
www.yenicag.az