Azərbaycanda satışa çıxarılan “Hyundai” avtomobillərinin bəzilərində texniki nasazlıqların yaranması səbəbindən bu şirkətin istehsalı olan maşınlardan şikayətlər artır.
Şikayətlərdən biri hətta məhkəmə səviyyəsində araşdırılır.
Belə ki, Bakı sakini Taleh Zülfüqarlı kreditlə 26 000 manata aldığı avtomobilinin nöqsanlı olması səbəbindən şirkətdən narazılığını hüquqi müstəviyə keçirmək qərarına gəlib: “Hyundai service” şirkətini məhkəməyə vermişəm. Bu günlərdə Nərimanov Rayon Məhkəməsində işə baxılıb. Avtomobilimi “Dərnəgül” şosesindəki “Hyundai service”dən -“Otoplaza”dan almışam. Dişimlə, dırnağımla pul yığmışam, əməkhaqqımı toplayaraq, dost-tanışla “lotereya oynayaraq” avtomobil almışam…”
Hər şey Taleh Zülfüqarlının avtomobil qəzasına düşməsindən sonra başlayıb: “Təhlükəsizlik kəmərini taxmışdım. Özü də qəzanın səbəbkarı mən deyildim. Amma avtomobilin təhlükəsizlik yastığı açılmadı. Buna görə də həyatıma ciddi təhlükə yarandı. Əgər şirkətin istehsal etdiyi avtomobillərdə belə kütləvi problem varsa, niyə onları satışa çıxarırlar? Axı heç kim pulunu ağacdan yığmayıb”.
O, qəzadan sonra avtomobildəki nöqsanla bağlı şirkətə müraciət edib: “Hyundai service”in nümayəndələri hadisə yerində baxış keçirdilər. Lakin mənə heç bir cavab vermədilər. Kredit şərtləri ilə 26 000 manat verib yeni avtomobil alasan, onun da təhlükəsizlik yastığı açılmasın. Buna görə də şikayətimdə israrlıyam. Məhkəmədə qaldırdığım iddia mənə dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlıdır. Ziyanı 50 min manat qiymətləndirmişəm”.
T.Zülfüqarlı məhkəmə prosesinin obyektiv keçirildiyini deyir: “Hakimdən avtoekspertizanın keçirilməsini xahiş etdim. Ancaq “Hyundai service”in prosesdə iştirak edən iki nümayəndəsi avtoekspertizanın keçirilməsinə etiraz etdilər. Buna baxmayaraq, hakim ekspertizanın keçirilməsi haqda qərardad qəbul etdi. Hakim prosesdə “Hyundai service”in nümayəndələrinə dedi ki, “hal-hazırda icraatımda olan məhkəmə işləri ancaq “Hyundai” avtomobilləri ilə bağlıdır. Nə üçün şikayətlər ancaq sizin şirkətin avtomobillərindəndir? Sürücülər niyə digər avtomobillərdən şikayət etmirlər?” “Hyundai service”in nümayəndələri bu suala cavab verə bilmədilər. Doğrudan da, axı niyə şikayətlər digər markalardan olan avtomobillərdən edilmir?”
Şikayətçi deyir ki, avtoekspertizanın nəticəsindən sonra məhkəmə işi davam edəcək: “Qərardad qəbul edildikdən, qanuni qüvvəsini aldıqdan sonra 10 gün müddətində iş Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertiza Mərkəzinə göndəriləcək. Ekspertizanın rəyi yazıldıqdan sonra məhkəmə işi yenilənəcək”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da bildirdi ki, AİB-ə də “Hyundai” avtomobilləri ilə bağlı şikayətlər edilir: “Bizə bir vətəndaş bu şirkətin istehsalı olan avtomobildən şikayət edib. Şirkətin istehsalı olan bəzi avtomobillərdə texniki nasazlıqların üzə çıxmasını hətta bu yaxınlarda iştirak etdiyim beynəlxalq konfransda da müzakirə etdim. Konfransda Cənubi Koreyanı təmsil edən, dövlət standartı orqanından olan professora “Hyundai” avtomobillərinin texniki nasazlığını xatırlatdım. O isə cavabında dedi ki, bu məsələ Cənubi Koreyada da müzakirə edilir. Ciddi məsələdir, lakin hələ həllini tapmayıb. Ondan soruşdum ki, bəzi şirkətlər belə olduqda öz avtomobillərini geri çağırdıqları halda nə üçün “Hyundai” şirkəti bu addımı atmır? Professor cavab verdi ki, görünür, istehlakçıların təpkisi zəifdir. Xahiş etdim ki, şikayətlərimizi “Hyundai” şirkətinin rəhbərliyinə çatdırsın. Ona bildirdim ki, 1999-cu ilə qədər Azərbaycanda “Daewoo Motors”un nümayəndəliyindən də şikayətlər gəlirdi. Araşdırmalarımız zamanı məlum oldu ki, “Daewoo Motors” Özbəkistanda istifadə edilmiş avtomobilləri təmir etdirib təzə adı altında Azərbaycanda satır. Bu işə Rusiyadan olan mütəxəssisləri də cəlb etdik. Və onlar köhnə avtomobillərin bərpa edildiyi məkanı axtarıb tapdılar. Hər şey üzə çıxdı. Bir ay ərzində bununla bağlı xüsusi kampaniya apardıq. Nəticədə həmin avtomobillərin qiyməti 3000 dollar ucuzlaşdı. Bir qədər sonra şirkət Azərbaycandakı nümayəndəliyini bağladı. Dedim ki, bu kampaniyanı Azərbaycanda “Hyundai” şirkətinə qarşı da həyata keçirə bilərik”.(Publika.az)
www.yenicag.az