“ABŞ-ın Suriyanı bombalamasını dəstəkləmək Türkiyəyə problem yaratmayacaq” – Vüqar Zifəroğlu

“Türkiyə Qərb və Rusiya, həmçinin Qərb və İran arasında vasitəçilik missiyasını üzərinə götürə bilər”.

Bu fikirləri siyasi təhlilçi Vüqar Zifəroğlu Yenicag.az-ın Feysbuk səhifəsində təşkil olunan canlı yayımında Suriyada cərəyan edən son prosesləri dəyərləndirərkən bildirib

Onun fikirncə, Suriya böhranında müşahidə olunan son hadisələr Türkiyənin bu prosesdə manevr imkanlarının artırıb:

“Qərb koalisiyasının  Suriyaya aviazərbələrini  dəstəkləmək Türkiyəyə hansısa problem yaradacağını düşünmürəm. Eyni zamanda, birmənalı oalaraq vurğulamaq istəyirəm ki, bu addım Türkiyənin Rusiya ilə problemlərinə də mənfi təsir göstərməyəcək.

Çünki bu gün Türkiyənin Rusiyaya olduğundan çox, Rusiyanın Türkiyəyə ehtiyacı var. Hətta hazırda Rusiya və İranın Suriyadakı mövqeləri kifayət qədər möhkəmlənibsə, bunda Türkiyənin ciddi payı var. Bunu Moskva da, Tehran da yaxşı bilir.

Həmçinin Qərb bu gün müəyyən aqoniyaya düşərək, özünün Suriyadakı mövcudluğunu aviazərbələrlə göstərmək məcburiyyətində qalıbsa, burada da Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatların böyük təsiri var.

Ona görə də hesab etmirəm ki, Türkiyənin Qərbin Suriyada keçirdiyi hava əməliyyatını dəstəkləməsi Ankara-Moskva və hətta Ankara-Tehran münasibətlərində mənfi cəhətdən əks olunsun.

Əksinə, yaranmış şəraitdə Türkiyə Qərb və Rusiya, həmçinin Qərb və İran arasında vasitəçilik missiyasını üzərinə götürə bilər. Bildiyiniz kimi, Suriya müxalifətinin iştirakı ilə danışıqların yeni mərhələsi planlaşdırılır.

Türkiyə Suriyada həyata keçirdiyi məlum əməliyyatlar nəticəsində belə deyək, qalib tərəf olaraq, öz əlini xeyli möhkəmləndirib. Ən əsası, isə Türkiyənin hər iki tərəflə normal münasibətdə olması Ankaranın ciddi avantajı hesab edilməlidir.

Bundan başqa, bütün bu baş verənlərə baxmayaraq, Türkiyə öncədən bəyan etdiyi kimi, Suriyada uğurla həyata keçirdiyi “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarından sonra hərəkatın üçüncü mərhələsinə başlayacaq. Ancaq yəqin ki, bunu bir müddət gözləmək lazım gələcək”.

A.Zeynalov

COP29