“Hazırda kimin harada döyüşüb, harada şəhid olması ilə bağlı dəqiq qeydiyyat aparılır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Vətən Müharibəsində iştirak edən döyüşçülərin, o cümlədən, şəhid olanların statuslarının necə müəyyənləşdiriləcəyini dəyərləndirən Əmək Hüquqlarını Müdafiə Liqasının (ƏHML) sədri Sahib Məmmədov deyib.
Sahib Məmmədovun sözlərinə görə, bu məsələ ilə bağlı ölkənin müvafiq qanunvericiliyində ciddi problemlərə səbəb olan boşluqlar var:
“Birinci Qarabağ müharibəsinin gedişində, xüsusilə, ilkin dövrlərdə ordu birləşmələrində qeydiyyatdan keçməyən könüllü dəstələr var idi. Buna görə də bilinmirdi, kim müharibə veteranıdır, kim harada, nə vaxt döyüşüb, şəhid olub və sair.
Elə adamlar var ki, müharibə veteranı olduğunu hələ də sübut edə bilmir. Eyni zamanda, cəmi bir dəfə döyüş bölgəsində olmuş çox sayda insan da özünü veteran hesab edir.
Amma indi bu məsələləri tənzimləmək çətin olmayacaq. Çünki hazırda kimin harada döyüşüb, harada şəhid olması ilə bağlı dəqiq qeydiyyat aparılır.
Qanunvericilikdə təkcə şəhidlik stutusu ilə bağlı deyil, həm də “Müharibə veteranı” statusundan tutmuş, səfərbərlik və hərbi xidmətdə vəzifələrə qədər xeyli boşluqlar ortaya çıxdı. Bunlar aradan qaldırılmalıdır”.
Ekspertin fikrincə, Vətən Müharibəsinin iştirakçılarına fəxri adlar və orden-medallar komandanlığın təqdimatı əsasında veriləcək:
“Orden və medallar, eləcə də fəxri adların verilməsi ilə bağlı Qanun üçüncü oxunuşda Milli Məclis tərəfindən qəbul edildikdən sonra, yalnız prezident təsdiqləyərsə, qüvvəyə minər.
Bu məsələlər əvvəldən də var idi, lakin indi yeni qaydalara uyğun tənzimlənəcək və təqdimatlar komandanlıq tərəfindən veriləcək”.
Cəvahir
www.yenicag.az