Günay ARDA: Monqollar bizə niyə gəlmir?

media-hightechnic-468x90

942865_572285509482957_2038236489_nXüsusi olaraq, Yenicag.az üçün

Keçmiş Sovet ölkələri və Türkiyədə sizi “turist” deyib çağırdılarsa, turist münasibəti göstərildisə, olduğunuz yerdən uzaqlaşın və ya başınızı götürüb qaçın. Sizi turist bildilərsə, deməli, sizə “lox” gözü ilə baxırlar.

Bizdə heç vaxt turist olmayacaq. Kim deyirsə, “olacaq” ya sizi aldadır, ya da turist kəlməsini başa düşmür. Turist turizm olduğu ölkələrə gedir. Bakı hazırda kabluklu qızların podium kimi hərləndiyi “Fəvvarələr meydanından” ibarətdir. Bakı şəhər meri sakinlərlə qoyun kimi davranır. Ona kimsə deyib ki, biz qazonun üstündə otursaq, uzansaq durub gedəndə otdan bir əlçim də qopardıb gəvələyərik.

Beş-altı alman turistini naxçıvanlı polis şəhərdə mahnı oxuya-oxuya gəzdiyi üçün basıb bölməyə aparır. Alman tutulmağının səbəbini başa düşmədiyi kimi naxçıvanlı da bu sarı gədə-güdənin şəhərin ortasında niyə mahnı oxuduğunu başa düşmür.

Pab, bar, diskoteka yaşlı nəsil üçün fahişəxana ilə eyni mənaya gəlir. Hər cümə saat 19 :00 da “fənəri” söndürən xariciyə izah edə bilməzsiniz ki, Bakıda əylənməyə pis baxırlar. İnsanların ən böyük əyləncəsi bir-birini didmək, söz soxmaq, avaralanmaq, çayxanada qeybət qırmaqdır. Bizdə həyat yox, yaşamaq var. Əyləncə yox, sülənmək var. İş həftəsinin sonunda yorğunluğunu şəhərdə çıxartmaq istəyən adamın qanını zəhərə döndərmək üçün də hər şey hazırdır. Bir həftə sonunu Bakıda əylənmək üçün aylıq maaşını xərcləyəcəyini nəzərə almalısan. Yox, əgər regionlara çıxmaq istəyəcəksənsə, Qubanın, Lahıçın yerinə Dubayı seçsən daha ucuz başa gələr.

Bizimki tarixi abidələrdən də gətirməyib. Siz Allahın türkiyəlisini belə Bakıda təəccübləndirə bilməzsiniz. Onu qolundan tutub Şirvanşahlara aparsanız, Dolmabahçanın hamamı bilər. Bir Qız qalamız var ki, haqqında hər cür biqeyrət hekayə qoşmuşuq. Bir tarixçi deyir, ata qızına aşiq olur, qız razı olmur. Kişini yola vermək üçün deyir, get, buludlara çatan qala tikdir. Biri deyir, qalanın altındakı gizli yolla gedib oğlan sevgililəri ilə görüşürmüş. Bir buta emblemimiz var ki, az qalıblar, “parnik” xiyarlarını da qəlibə salıb buta formasında yetişdirələr.

Restorana aparsanız, Türkiyə yeməklərindən başqa bir şey təqdim edə bilməzsiniz. “Zəngin mətbəx” deyib təqdim etdiyiniz yeməklərin ekvivalentini sizə deyəcək. Almana, ingilisə yağ qaynayan yeməkləri soxuşdura bilməzsiniz.

Dünya kinosu turist mövzusu ilə zəngindir. Azərbaycan kinosunda isə turist monqol adı ilə yadda qalıb. “Bəyin oğurlanması” filminin qəhrəmanı monqol turistləri monqol dublyonkasını niyə Azərbaycandan alıb aparmağına cavab tapa bilmirdi. İndi isə bizə heç monqol da gəlmir.

Hotel qiymətlərindən danışmağa dəyməz. Sanki, məqsəd bütün gücü işə salıb ölkəyə turist axınının qarşısını almaqdır. Qəpiyinin qədrini bilən avropalı üçün bir gecəsi 250-300 manata hoteldə qalmaq qazancına təhqirdir.

Problemimiz təkcə bahalıq olsaydı, həll olunardı. Biz dünyaya car çəkib deyərdik ki, dolmamız danışır, ona görə bir porsiyonu 10 manatdır, çayımız şeir deyir, bu səbəbdən bir çaynik çay 20 manata başa gəlir. Məsələ təkcə pul da deyil axı… Xaricilərlə davrana bilmirik, dünyanın qəbul etdiyi etika standartlarını həzm edə bilmirik. Bəyənmədiyimiz gürcülər aldığımız hər kibrit qutusuna görə təşəkkür edir. Çünki, əmindir ki, hər kibrit çöpünün yarısından gələn gəlir Gürcüstan büdcəsinə gedir.

Biz turistləri təəccübləndirmək istəyiriksə, onları yağışlı günlərdə Masazıra, Binəqədiyə aparmalıyıq. Məhlədə üzən maşınları göstərməliyik. Şəhərin göbəyində hələ də sakinləri ev gözləyən qaçqın, məcburi köçkün yataqxanalarını göstərməliyik ki, bəlkə nəyəsə təəccüblənələr. Avropalının başını ortasından “İliç”lappaları sallanan qədim tikililərlə, üstü soğanlı kabablarla cəlb etmək olmaz.
Bakıda turistə oxşayan nə isə axtarsanız, iranlıdan başqa bir şey tapa bilməzsiniz. Limitsiz alkoqol və ucuz fahişə xidməti məişət azadlıqlarını doya-doya yaşaya bilməyən görməmiş iranlılar üçün Bakı göydəndüşmə yerdir.

Turizm İnstitutu niyə var?

Turizm İnstitutu ona görə var ki, söküb yerində nə isə tikmək üçün ideya verəni yoxdur.

Mədəniyyət və Turizm nazirliyi niyə var? Əbülfəs Qarayev işsiz qalmasın deyə…

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600