Bu ilin 11 ayı ərzində Azərbaycanda 592 nəfərdə İİV-ə yoluxma faktı aşkarlanıb.
Yenicag.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİCS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, həmin şəxslərin 563 nəfəri (95 faiz) Azərbaycan vətəndaşı, 29 nəfəri (5 faiz) əcnəbidir. Qeydiyyata alınmış 563 Azərbaycan vətəndaşının 371 kişi, 192-i qadındır.
N.Zülfüqarov əlavə edib ki, bu ilin 1 dekabrına qədər Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzində 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onların 69,4 faizi (4701 nəfər) kişi, 30,6 faizi (2073 nəfər) qadındır.
Bu il QİÇS mərhələsinə keçən xəstələrin və xəstəliyin QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfər olub.
N.Zülfüqarov deyib ki, indiyədək QİÇS mərhələsində olanların sayı 1765 nəfər olub. İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1045 nəfər olub:”2019-cu ilin 11 ayının sonuna RQMM tərəfindən qeydiyyata götürülən vətəndaşların 41 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 47,8 faizində heteroseksual, 3 faizində homoseksual kontakt nəticəsində, 1, 6 faizində anadan uşağa keçməklə, 0,02 faizində donor qanının köçürülməsi nəticəsində baş verib. 6,6 faizində yoluxma yolu müəyyən edilməkdədir”.