!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Günəşin şəhəri Vandan içinizi isidəcək FOTOREPORTAJ (I hissə)  

!Reklam – Yazi

Əgər Van barədə düşüncələriniz məhduddursa və onu sadəcə, Şərqi Anadolunun bağrında sıravi bir vilayət olaraq görürsünüzsə, gəlin birlikdə Van səyahətinə çıxaq. Bir tərəfdən bu səyahətə rəhbərlik etmək mənim üçün olduqca asandır, çünki könlünüzün pəncərələrindən buradakı havanı ciyərlərinizə çəkə biləcəyinizə inanıram. Bir yandan da qələmimin gücünə ümidim olduqca azdır, çünki indiyə qədər yalnız zahiri təsvirlərlə məşğul olmuşam.

Van göründüyündən də əngindir, göz işlədikcə uzanıb gedən əbədi maviliyinin, qeyri-adi təbiətinin arxasında nələr yatır, nələr. Əvvəla bilməyinizi istəyirəm ki, bu torpağın ruhu var, özü də ən azı bizim qədər canlıdır. Əgər tarixin nəfəsini duymaqdan həzz alırsınızsa, o sizinlə danışacaq, gülərüzlə qarşılayıb, qayğınıza qalacaq. Biz müasir insanlarıq, hərdən elə bilirik ki, həyat böyük şəhərlərdə, bahalı otellərdə, restoranlarda, göydələnlərdə daha gözəl keçir. Ancaq mən çalışacağam ki, əksini sübut edim. Tanış olun, Günəşin şəhəri Van:

Burada bir-birinə qovuşan səma ilə dəniz kimi (əhali böyüklüyünə görə Van gölünə dəniz deyir) insanlar arasında da bir harmoniya var.

Küçədə Türkiyə türkcəsində də, kürdcə də, azərbaycanca da sözlər eşidə bilərsiniz. Cənubdakı qardaşlarımız üçün bura bir dayanacaq kimidir. Ancaq düşünməyin ki, azərbaycanca danışanlar deyəndə tək onları nəzərdə tuturam. Vaxtilə Azərbaycandan köçmüş soydaşlarımız artıq buranın yerli əhalisidir. Təbii ki, Qafqazdan köçmüş türklər sadəcə, onlarla kifayətlənmir. Xristianlığı qəbul edərək, Oğuz elinə düşmən olan qıpçaqlar da Şərqi Anadoluya köçərək, bu torpaqlarda məskən salıblar. (Bu barədə fotoreportajın Akdamar kilsəsinə həsr olunmuş ikinci hissəsində daha ətraflı məlumat alacaqsınız).


Əhalinin böyük bir hissəsini təşkil edən kürdlər Türkiyə vətəndaşı olmaqdan qürur duyur, ölkənin birliyini qorumaq üçün ən azı türklər qədər çalışır. Gəlin sizə kürd toyundan bir epizod göstərim, əl-ələ yallı gedənləri gördükdə nə demək istədiyimi anlayacaqsınız:

Qadınların xüsusi günlərdə geydiyi üst geyiminə “fistan” deyirlər, bu geyimi isə qızıl kəmərlə tamamlayırlar.

Van deyəndə ağıllara ilk olaraq, Urartu gəlir. Bura qədər gəlmişik, bir Tuşpaya baş çəkməyək? (Urartunun paytaxtı Tuşpa şəhəri – Vanın köhnə adıdır. Əsrlər ötdükcə Tuşpa da böyüyüb gördüyünüz kimi:

Van qalası Urartu hökmdarı I Sardurinin dövründə (e.ə 840-825-ci illər) tikilib. Qalanın cənubunda inşa edilən şəhər düşmən təhlükəsindən asanlıqla müdafiə olunub. Coğrafi baxımdan uğurlu mövqedə tikilmiş qala Osmanlı dövründə də hərbi məqsədlər üçün istifadə olunub:

Qalanın yuxarısında sanki zamanda səyahət edərək, bir anda Səlcuqlular dövrünə düşürsünüz. Miladların qovuşduğu bu nöqtədə XI-XIII əsrə aid şəhər nümunəsi görünür:

İndi sizə təqdim olunacaq təsvirdə görəcəyiniz memarlıq abidəsi sizə çox tanış gələcək. Çünki ölkəmizdə də bu tipli abidələrə daha əvvəl rast gəlmisiniz. 1335-ci ildə Məlik İzəddin tərəfindən qızı Həlimə xatun üçün tikdirilmiş bu türbə Səlcuqlulara aid məzarlığın şərqində yerləşir:

Tarixdə səyahət etmək bir az sizi yora bilər onda gəlin, Vanın ən sevimli sakinlərinə keçək:

Van pişiyi biri yaşıl, biri mavi gözləri, ağappaq tükləri ilə adamı valeh edir. Sığal çəkəndə ehtiyatlı olun, onlar əsilzadə nəslindəndir. Zarafat deyil, doğrudan da elə bil əfsanələrin içindən tullanıblar buraya. Görün Allah onları necə gözəl yaradıb:

Pişik evindən özünüzə Van pişiyi ala bilərsiniz, ancaq bunun üçün 700 lirə xərcləməli olacaqsınız.

Vanın üzünü “ağ” edən təkcə onlar deyil, gəlin gedək süd kimi qaynayan Muradiyyə şəlaləsinə:

Bənd-i Mahi çayındakı bu möhtəşəm şəlaləni görmək üçün bir az yellənməli olacaqsınız, amma narahat olmağa dəyməz. Bu körpü muradınıza çatmaqda sizə kömək olacaq. Elə üstü doludur, muradına çatanlarla.

Van insanın ruhunu doyuzdurur, amma təkcə ruhunu yox. Ayran aşı, kürd köftəsi, yumurtalı qovurma, ballı şirniyyatları, kələdoşu, içli köftə…

Bilirəm, ən çox Van gölü ilə maraqlanırsınız. Onda sizləri intizarda qoymayaq:

Van gölünün bilmədiyiniz bir xüsusiyyəti var: göl təbii sodalıdır. Ona görə də şəfalı suyu həm sizi ağardacaq, həm yaralarınızı sağaldacaq. Nə bilirsiniz, bəlkə elə cavanlığın formulu Van gölünün mavi sularındadır?!

Uzaqdan Akdamar adası görünür, ancaq tələsməyin. Növbəti dəfə inşallah…

Aytək Yusifsoy

COP29

www.yenicag.az

3228
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv